EN SON XEBERLER

Azərbaycanlı rejissor: "Milyon da versə, ona klip çəkmərəm..."

Azərbaycanlı rejissor Ülviyyə Könülün Publika.Az-a müsahibəsi.

- Çoxdandır, görünmürsünüz, əvvəllər çəkilən hər iki klipdən birinin müəllifi siz olardınız. Bəs indi haralardasınız?

- Başım film və seriallara qarışdı, klipmeykerlikdən bir az uzaqlaşdım. Açığı, kliplərə tələbat da yoxdur.
   
- Niyə ki, vaxtilə sizə klip çəkdirən müğənnilər indi də kliplər çəkdirirlər. Türkiyədə, özü də çox baha qiymətə.

- Hə, xəbərim var, eşitmişəm, görmüşəm də, canları sağ olsun.

- Bəyənirsiniz o klipləri?

- Əslində o kliplər ideya baxımından heç də fərqli deyillər. Amma təsvir baxımından gözəldirlər. Qulağıma bəzi söhbətlər də çatıb ki, burada kliplər guya keyfiyyətsiz olduğundan Türkiyədə klip çəkdirməyə qərar veriblər. Amma mən belə düşünmürəm. İdeya və keyfiyyət baxımından heç də türk rejissorlarından geridə qalmırıq. Sadəcə, texnika baxımından onlar bizdən irəli ola bilərlər.

- Ümumiyyətlə, siz müğənnilərin o kliplərə həqiqətən də 80-90 min manat verdiklərinə inanırsınız?

- Yox, bu ola bilməz. Çox şişirdirlər. 

- Yaxşı, özünüz indiyə qədər ən bahalı klipinizi hansı müəğənniyə çəkmisiniz?

- Aygün Kazımovanın ifasında səslənən “Yenə tək” mahnısına çəkdiyim klipim ən bahalı klipdir. Deyəsən, üç il bundan əvvəl çəkilib. 

- Bəs qiyməti?

- Yox, mən büdcəni heç vaxt açıqlamıram. 

- Yaxşı, onda deyin görək, Aygün Kazımova sizə Türkiyədə çəkdirdiyi klipinə xərclədiyi pulun yarısını vermişdimi?

- Yox, ondan da aşağı qiymət idi. Amma ən bahalı klipim “Yenə tək” olub.  

- Ülviyyə xanım, son vaxtlar şou-biznes aləmində hansı dəyişikliklərin şahidisiz?

- Durğunluq var. Əvvəllər bir nömrə müğənnilərin hər beş mahnısından dördü hit olurdusa, indi əksinə, beş mahnıdan biri hit ola, ya olmaya. Hər halda mənim zövqümə cavab vermir o mahnılar. 

- Siz bunu hansı səbəblə əlaqələndirirsiz?

- Bu yalnız müğənnidən asılı olan iş deyil. Bunun bir günahı da bəstəkarlardadır. 

- Bəlkə müğənnilərin başı mahnıdan çox qalmaqallara qarışıb, ona görə?

- Bu da səbəbdir. Təəssüf ki, onlar vaxtlarını, enerjilərini belə mənasız işlərə xərcləyirlər. Amma tamaşaçı zövqü də var. Əslində tamaşaçını yaxşı mahnılarla tərbiyələndirmək lazımdır. Bir qalmaqalın əvəzinə, gözəl bir konsert proqramı etmək olar. Qalmaqallar çox artıb. Məsələn, Tünzalə qalmaqal eləmir, amma  gündəmdədir. Konsert proqramları ilə gündəmə gəlir. 

- Bir vaxtlar siz də gündəmdə idiniz, amma indi kliplərin titrində adınıza rast gəlmirik. 

- Mən istəyirəm daha maraqlı işlərlə gündəmə gəlim. Klipə də gəlincə, mən 2000-ci illərdə məhsuldar yaradıcılıqla məşğul olmuşam. İndi ara-sıra olur. 

- Onda gəlin konkretləşdirək. Bu saat hansı müğənniyə klip çəkirsiniz? 

- Faiq Ağayevlə bir klip üzərində çalışırıq. Yaxın vaxtlarda təqdimatı olmalıdır. Həm də durub kiməsə yalvarası deyiləm ki, gəlin mənə klip çəkdirin. Sadəcə, klip çəkdirənlər də azdır.

- Vallah, az deyil. Müğənnilərimiz Türkiyədə çəkdikləri klipin yarı pulunu sizə versəydilər, eyni səviyyədə klip çəkərdinizmi?

- Minimum o səviyyədə olardı. Amma heç vaxt da durub onlara demərəm ki, o pulu mənə verin, mən sizə şedevr çəkəcəyəm. Kimə istəyirlər, çəkdirsinlər. Öz pullarıdır, özləri bilərlər.   

- Azərbaycan reallığında minumum hansı büdcəyə normal klip çəkmək olar?

- Ssenari, dekorasiyalar və digər məqamlardan çox şey asılıdır. Amma 20-30 minə Azərbaycanda mükəmməl klip çəkmək olar. 

- Olubmu ki, hansısa müğənni sizə böyük büdcəyə malik pulun müqabilində klip çəkdirmək istəyib, amma siz onu rədd etmisiz?

- Olub, bəli. Şükürlər olsun ki, heç kimlə şəxsi-qərəzliyim yoxdur. Sadəcə, dinləmişəm, mahnı xoşuma gəlməyib. Ortalıqda mənim adım var, yalandan bu mahnını camaata necə sevdirim? Söhbət indiki zamandan gedir. Keçmişdə pul xatirinə hansısa klipi çəkmişəm. Amma indi  müğənni milyon da versə, ona klip çəkmərəm, əgər mahnı xoşuma gəlməsə.

Нет комментариев

Добавить комментарий