KULINARIYA

Günün taəmı - ballı tort


Ballı tortun 50-dən artıq tərifi var. Bunlar həm tərkibləri, həm də hazırlanma qaydalarıyla seçilirlər. Bir neçəsinin tərifini diqqətinizə çatdırırıq.  

Xamalı ballı tort



Tərkibi: 

xəmir üçün: 
2 x.q. bal
2 x.q. kərə yağı 
2 yumurta
2 ç.q. soda
1 st. şəkər tozu
4 st. un 

krem üçün: 
1 banka xama (70-100 q )
1 st. şəkər tozu

Xəmir üçün tələb olunan bütün ərzağı (undan başqa) qarışdırıb su hamamına qoyun. Eynicinsli kütlə alınanadək qarışdırın, sonra tədricən 2 st. unu əlavə edib, qaynara düşmək istəyəndə ocaqdan götürün. Qarışdıra-qarışdıra soyudun.
Masanın, yaxud uyğun lövhənin (çörək taxtasının) üzərinə qalan unu səpib kütləni üstünə tökün. Xəmir yoğurun.
Xəmiri 6 bərabər hissəyə bölün. 

Xama ilə şəkər tozunu çalın. Korjların arasına və üstünə çəkin. Tortun üzərini biskvit qırıntıları ilə bəzəyin. Bir neçə saat özünü tütması üçün saxlayın. 


Süd kremli və meyvəli ballı tort 



Tərkibi: 

2 x.q. bal 
4 yumurta
1 st. şəkər tozu
2 st. un
2 x.q. araq 
2 x.q. kakao tozu 
1 ç.q. soda
banan
kivi 
likör (istənilən, məsələn, meyvəli)
300 q kərə yağı 
2 banka qatılaşdırılmış süd (bankada bişirilmiş)

Yumurtaları şəkər tozu ilə çalıb yavaş-yavaş bal (maye), araq, sirkədə söndürülmüş soda və un əlavə edin, xəmir yoğurun. 
Xəmiri iki yerə bölün. Bir hissəsinə kakao töküb qarışdırın. 
Sonra dairəvi siniyə ayrı-ayrılıqda töküb qızdırılmış  sobada bişirin. İki korj alınacaq - açıq və tünd rəngli. Çıxarıb soyudun. Hər korju eninə iki yerə bölün, 4 korj alınacaq. 
Hər bir korjun üzərinə yarıbayarı su ilə qarışdırılmış likör çəkin. Korjları perqament kağızının üzərinə qoyun. 
Bankadakı qatılaşdırılmış südü bir neçə saat suda qaynadın (indi bunun hazır qaynanmışı da satılır), soyudun. Kərə yağı ilə çalın. Qoz da əlavə edə bilərsiniz. 
Tort üçün iri boşqab götürün. Əvvəlcə bir rəngdən olan korju içinə qoyun, krem çəkib, nazik halqalarla doğradığınız bananları üzərinə düzün. İkinci korju üstünə qoyun. Bunun da üzərinə krem çəkib, kivi dilimlərini düzün. Bu minvalla bütün dörd korjdan tort hazırlayın. 
Tortun üzəri və kənarlarına krem çəkib öz zövqünüzə görə bəzəyə bilərsiniz. 


Məxsusi ballı tort 



Tərkibi: 

xəmir üçün: 
100 q kərə yağı
100 q şəkər tozu
2 iri yumurta
1 st. təbii bal 
1 ç.q. soda
2 st. un (1 st. = 200 ml)

krem üçün:    
500 ml xama (27%)
300 ml qaymaq (35%)
5 x.q. şəkər pudrası
300 q qara gavalı
200 q qoz (qovrulub xırdalanmış)

Balı, şəkər tozunu, sodanı, yumurta və kərə yağını birləşdirib su hamamına qoyun. Daim qarışdırın. Diqqət edin ki, yumurta bişməsin. Amma şəkər tozu tam ərisin. Bircinsli kütlə alınanda un əlavə edin, qaşıqla qarışdırın, ocaqdan götürün.  Soyudun. Ağzını bağlayıb 12 saat soyuducuda saxlayın. Soyuducudan çıxarıb 3-4 saat da otaq temperaturunda saxlayın. Bu ona görə vacibdir ki, xəmir gəlsin və balın tamı tamamilə ona hopsun. 
Xəmir yapışqan alınacaq. 
Sininin içinə perqament döşəyin, üstünə isə kənarı açılan formanın qırağını qoyun. Xəmirdən 2 x.q. götürüb bu həlqənin ortasına qoyun, qaşığın köməyilə həlqənin içiylə bir perqamentin üzərinə yayın. Kağızı əvvəlcədən azca yağlaya da bilərsiniz. 
180 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə, korj qızılı rəng alanadək bişirin. Bu üsulla bütün xəmiri istifadə etməklə bir neçə korj bişirin (təxminən 5 korj alınmalıdır). Korjları perqamentlə birlikdə sinidən götürüb bir kənarda soyudun. Korjun birini daha çox bişirin, rəngi tünd olsun. Onu blenderden keçirib xırdalamaq lazımdır. 

Krem üçün xamanı şəkər tozu ilə, qaymağı isə ayrıca çalın, sonra birləşdirin. Qara gavalını və qozu xırda doğrayın. 

Korju kağızı ilə birlikdə götürüb tortu hazırlayacağınız buludun içinə tərs çevirin. Sonra ehtiyatla kağızı (perqamenti) soyun. Korjun üzərinə krem çəkin, qara gavalı səpin. 
2-ci korju da eyni qayda ilə o birinin üzərinə qoyun, krem çəkib, qoz səpin. Beləcə, növbələyərək tort hazırlayın. Tortun üzərinə, kənarlarına krem çəkib biskvit qırıntıları ilə bəzəyin. 


Bişmiş kremli vanilli ballı tort



Tərkibi: 

xəmir üçün: 
3 x.q. bal
3 x.q. kərə yağı
1 ç.q. soda
3 yumurta
1 st. şəkər tozu (250 q)
3 st. un

krem üçün: 
3 yumurta 
1 st. şəkər tozu
1 st. süd
vanil 
300 q kərə yağı

Kərə yağını çalın, bal və şəkər tozu əlavə edib qarışdırın, bir-bir yumurtaları qıraraq əlavə edin, qarışdırın, soda və un əlavə edib xəmir yoğurun. 7 hissəyə bölün. Dairəvi yayın. Asan üsul: perqament kağızının üzərini azca yağlayın, kündəni ortasına qoyub oxlovla yayın. 200 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə bişirin. Yaxşıca soyudun. 

Krem üçün yumurtaları şəkər tozu ilə çalın. 1 st. süd əlavə edib ocağın üzərinə qoyun, daim qarışdıraraq qaynara düşəndə götürün. Soyudun. Kərə yağını çalın, sonra hazırladığınız kütləni və vanil əlavə edib çalın. 

Korjların üzərinə krem çəkib üst-üstə düzün. Üzərinə qlazur çəkə bilərsiniz. 1-2 saatdan sonra soyuducuya qoyun. Bir neçə saat saxlayın.


Əsl ballı tort 



Tərkibi:  

xəmir üçün: 
1,5 st. şəkər tozu
4 yumurta
4 ç.q. bal
200 q kərə yağı
1 ç.q. soda
3,5 st. un (təqribən)

krem üçün:
500 q xama
1 st. şəkər tozu
vanil
1/4 st. süd

Yumurta, şəkər tozu, əridilmiş kərə yağı, bal və sodanı qarışdıraraq su hamamına qoyun. Daim qarışdırın ki, yumurtası bişməsin (təxminən 10 dəqiqə).
Azca soyudun, un əlavə edib qarışdırın.  Xəmir bir az sıyıq olmalıdır, çünki sonra özü bərkiyəcək. 
2 sutka soyuducuda saxlayın. 
Xəmiri 5 yerə bölüb nazik yayın. Qızdırılmış sobada qızılı rəng alana qədər bişirin (bişəndə həcmi artacaq). 

Krem üçün ərzaqları çalın. Korjların arasına krem çəkib üst-üstə düzün. Tortun üzərinə və kənarlarına krem çəkin, qoz və şokoladla bəzəyin.  

Nuş olsun! 




Günün təamı - kokoslu peçenye

Tərkibi (60 ədəd üçün): 

200 q kərə yağı və ya marqarin
200 q şəkər tozu
3 yumurta
200 q kokos yonqarı (ağ və ya rəngli)
2 ç.q. qabartma tozu (və ya 1 ç.q. söndürülmüş soda)
300-350 q un 
 
Yağı şəkər tozuyla qarışdırın. Yumurta əlavə edib çalın. Kokos yonqarını əlavə edib yaxşıca qarışdırın. Qabartma tozu və un əlavə edib çox da bərk olmayan xəmir yoğurun. 
Sininin içinə perqament döşəyin, yaxud yağlayın. Xəmirdən xırda kündələr tutun. Onları siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. 

Nuş olsun! 


Böyütmək üçün şəkillərə klikləyin. 
















Mətbəx sirləri: Gözləmə - VİDEO


Gicitkənli gözləmə

Tərkibi: 

5 yuxa
gicitkən 
3 budaq göy soğan 
ağ pendir 
holland pendiri
motal pendiri (istəyə görə)
duz

Əvvəlcə içini hazırlayın: gicitkəni və göy soğanı təmizləyib yuyun, aşsüzənə yığın. Göyərtiləri doğrayın. Pendirləri xırdalayıb üzərinə əlavə edin. Dadına baxıb, duz əlavə edin. 
Yuxanı açıb içi üstünə bərabər yayın. Zərf kimi qatlayın, sacda o üz-bu üz bişirin. 


Pendirli gözləmə 



Tərkibi: 

4 quru (və ya təzə) yuxa 
250 q ağ pendir 
8-10 budaq cəfəri 
0,5 ç.q. pul bibər (iri qırmızı istiot, istəyə görədir)
4 x.q. kərə yağı
4 x.q. qaymaq 
duz 
qara istiot 

Yuxalar qurudursa, sulayın: birini böyük diametrli siniyə yayın. Əlinizlə üzərinə su səpin. O biri üzünü çevirib ora da sü səpin. Hamısını bu cür isladandan sonra iri bir dəsmala büküb yumşalana qədər saxlayın. (Əgər yuxalar təzədirsə (bişməyib, xəmirdirsə), bunu etməyə ehtiyac yoxdur).

İç üçün: pendiri çəngəllə əzin, xırda doğranmış cəfəri, duz, qara istiot və pul bibərlə qarışdırın. Yumşalmış yuxalardan birini masanın üstünə qoyun. Bir kənarından 15 sm hissəni yuxarıya doğru qatlayın. Bu qatladığınız yerə pendirli qarışığın 1/4-ni qoyun. Yuxanın əvvəlcə kənarlarını üstünə qatlayın, sonra isə o biri açıq tərəfini (dördbucaq formada). Digər yuxaları da bu cür hazırlayın.
 
Qalın dibli tavanı qızdırın. Azca kərə yağı ilə yağlayın. Hazırladığınız gözləməni içinə qoyun. Orta itilikdə odda arada üzərinə su səpərək, altı qızaranadək bişirin. Sonra onu qaldırın, altına kərə yağı çəkin, gözləməni çevirib, üstünə 1 x.q. qaymaq qoyun. Yenə altı qızaranda ocaqdan götürün. O biri gözləmələri də eyni qayda ilə bişirin. Süfrəyə isti-isti verin. 

Ev gözləməsi 



Tərkibi: 

500 q un 
1 armudu st. süd
2 yumurta
100 q kərə yağı
şəkər pudrası

Unu ələyin, təpəciyin ortasını çalalayın. İçinə yumurta, süd, 1 ç.q. duz qoyub qarışdırın, su əlavə edib yoğurun. Yaxşıca yoğrulandan sonra oxlovla yayın. Ərinmiş kərə yağını üzərinə çəkin, qatlayın. Büzüşdürün, yenidən yoğurun ki, yağı canına çəksin.

Qoz boyda kündələr tutub nəlbəki boyda yayın. Tavada yağda o üz-bu üz qızardın. Boşqaba düzüb üzərinə şəkər pudrası səpin. 


Kartoflu gözləmə



Tərkibi: 

3 fincan un 
0,5 st. qatıq zərdabı (qatığı kəsərkən çıxan suyu)
su
1 ç.q. duz

iç: 
3 kartof
1 soğan 
cəfəri 
qırmızı istiot
qara istiot 
duz

üzərinə: 
kərə yağı 

Xəmir üçün lazım olan ərzağı qarışdırıb yoğurun. Gözləmə xəmiri yumşaq, elastik olmalıdır. 7 kündə tutub aş boşqabı böyüklüyündə yayın. 
İç üçün: çiy kartofu çips nazikliyində doğrayın. Soğan və cəfərini xırda doğrayıb kartofun üzərinə səpin. duz, qara və qırmızı istiot əlavə edib qarışdırın. Yaydığınız yuxaların içinə qoyun, aypara kimi bükün. Gözləmələri sacın üstünə qoyun, vam odda içi bişənə qədər bişirin (kartof çiy olduğu üçün yaxşı bişirilməlidir). Bişmiş gözləmələrin üzərinə kərə yağı çəkin. 


Nuş olsun! 




Mətbəx sirləri: Giləmeyvəli bulkalar

Tərkibi: 

450 q mayalı xəmir (un, su, duz, maya, 1 ç.q. şəkər tozu, 2 x.q. bitki yağı)
qara qarağat (yaxud digər giləmeyvə)
200 q kəsmik
1 yumurta
60 q kərə yağı 
40 q şəkər tozu
2 x.q. şəkər pudrası
1 paket vanilli şəkər 
 
Xəmiri üzərinə un səpilmiş lövhənin üstündə 5-7 mm qalınlıqda yayın. Stəkanla dairələr kəsin (bunlar maffin (keks) qabına yerləşməlidir). Xəmirin qalanından qalın borucuqlar düzəldin.  
Maffin qablarını yağlayın, xəmiri içinə yerləşdirin, borucuqları isə bunun üstündən. Giləmeyvəni içinə doldurun. 

Kəsmikli iç: kəsmiyin içinə 40 q şəkər tozu, 1 yumurtanın sarısı və vanilli şəkəri əlavə edib qarışdırın. 

Giləmeyvənin üstündən kəsmikli iç qoyun, bulkaları 10-15 dəqiqə isti yerdə saxlayın. 

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. 

Yumurtanın ağını 2 x.q. şəkər pudrası və 1 çimdik duzla möhkəm çalın. 

Bulkaların üzərinə konditer torbasının köməyilə bu bezedən xırda-xırda çəkin. Sonra bulkaları daha 10 dəqiqə bişirin (beze qızarınca)

Nuş olsun!

 

Böyütmək üçün şəkillərə klikləyin. 


















Mətbəx sirləri: "Quberniya" salatı

Tərkibi:
 
300 q toyuq ciyəri 
1 yerkökü
1 baş soğan 
100 q bərk pendir
50 q qara gavalı
mayonez
bitki yağı (qovurmaq üçün)

Yerkökünü sürtgəcin orta gözündən keçirin. Soğanı nazik yarımhalqa doğrayın. Yerkökü və soğanı yağda yumşalanadək qovurun. Yağını süzün, soyudun.
Ciyəri xırda doğrayıb 5-10 dəqiqə qovurun. Soyudun.
Pendiri sürtgəcdən keçirin. 
Qara gavalını nazik şəridlərə doğrayın. 
Salatı lay-lay düzün: yerkökü ilə soğan + əzilmiş qovrulmuş ciyər + pendir + mayonez. Üstünə gavalıları düzün. Soyuq yerdə iki saat saxlayandan sonra süfrəyə verə bilərsiniz. 




Mətbəx sirləri: Şkmeruli

Tərkibi: 

1 toyuq (1-1,2 kq)
120 ml süd
100 ml su
1 baş sarımsaq (50 q)
duz
bitki yağı

Toyuğu duzlayın, bitki yağıyla yağlayıb qızardın. Sobada, yaxud da tavada qızarda bilərsiniz. 

Bu müddətdə sarımsağı təmizləyib əzin. 

Hazır toyuğun yağını piyaləyə tökün. 

Sous üçün: su və südü qarışdırın, qaynamağa qoyun. Qaynara düşəndə toyuğun süzdüyünüz yağından bir qədər əlavə edin, azca duz (toyuq artıq duzludur, ona görə çox olmaz), sarımsağı əlavə edin. Qarışdırın. Qızarmış toyuğu əlavə edin. Qaynara düşəndə ocaqdan götürün. Süfrəyə isti-isti verin. 

Toyuq sousu dərhal hopdurur və çox zərif olur. Süd isə sarımsağın qoxusunu yumşaldır. 

Şkmeridə (bu reseptin vətənində) bu təamı gil tavada - ketsidə süfrəyə verirlər. Ketsi közün üstündə saxlanıldığından uzun müddət isti qalır və içindəki xörək də buna görə gec soyuyur. 

Nuş olsun!


Böyütmək üçün şəkillərə klikləyin. 

















Mətbəx sirləri: Yapon çizkeyki 

Tərkibi: 

250 q qaymaqlı pendir («Filadelfiya»)
50 q kərə yağı
140 q şəkər tozu
100 ml süd
60 q un 
20 q nişasta
6 yumurta
0,5 limon şirəsi 
1/4 ç.q. qabartma tozu
1 çimdik duz
şəkər pudrası
5 x.q. gavalı pavidlası
2-3 x.q. gavalı arağı 

Qeyd: Yağ və pendir otaq temperaturunda olmalıdır. 

Yumurtanın ağını sarısından ayırın. 

Yumurtanın ağını çalın, şəkər tozu, bir çimdik duz əlavə edib qatı köpük alınınca çalın. 

Kərə yağı və qaymaqlı pendiri iri kasada mikser vasitəsilə aşağı tempdə, eynicinsli krem alınanadək çalın. 

Qarışdırmağı dayandırmadan limon şirəsi və bir-bir yumurtanın sarılarını əlavə edin. 

Süd əlavə edin, qarışdırın. Unu nişasta ilə ayrıca qarışdırın, sonra ehtiyatla bu qarışığa əlavə edin. Qarışdırın. 

Çalınmış yumurta ağını da buraya əlavə edin, taxta qaşıqla altdan yuxarı olmaqla qarışdırın. 

Kənarların açılan formanın (diametri 26 sm) içinə perqament döşəyin. Bayır tərəfini isə 3-qat folqa ilə örtün. 

Hazırladığınız qarışığı formanın içinə tökün. 

Sobanı 150 dərəcə C qızdırın. 1,5 l su qaynadın.

Formanı dərin siniyə yerləşdirin, onu isə sobaya qoyun. Sonra formanın hündürlüyünün yarısına çatacaq qədər sininin içinə qaynar su tökün. 

60 dəqiqə bişirin. Və bu müddətdə sobanın qapağını açmayın. 

60 dəqiqə bitən kimi sobadan çıxarın. Üstündəki folqanı və formanın kənarlarını açın. Qırağındakı kağızı da aralayın. Soyudun. Onu tam soyutmadan kəsməyin. Yaxşı olar ki, azı 1 saat soyuducuda saxlayasınız. İsti çizkeykdən güclü yumurta iyi gəlir. Soyuyandan sonra isə bu qoxu tamamilə itir.

İstəyə görə çizkeykin üstünə şəkər pudrası səpə, yaxud üzərinə gavalı sousu gəzdirə bilərsiniz.

Gavalı sousu: gavalı pavidlasını vam odda qızdırın, üzərinə gavalı arağı töküb qarışdırın. 

Nuş olsun!

Böyütmək üçün şəkillərə klikləyin. 











Mətbəx sirləri: "Zəncirotu" salatı

Tərkibi: 

4 ədəd bişmiş yumurta
1 banka (240 ml) balıq konservi (sayra, qorbuşa)
70 q kreker 
mayonez 
göyərti (bəzək üçün)

Bişmiş yumurtanın ağını və sarısını ayrı-ayrı qablara sürtgəcdən keçirin. 

Balığı bankadan çıxarın, iri sümüklərini təimizləyib çəngəllə əzin. Çox quru alınarsa, bankadakı şirəsindən əlavə edin. 

Krekerləri xırdalayın. 

Buluda bu sıra ilə düzün: 

krekerlərin yarısı + mayonez,
balığın yarısı + mayonez, 
yumurtanın ağının yarısı + mayonez.  
Sonra bu sıranı bir daha təkrarlayın. Üstünə yumurta sarısı səpin. Qıraqlarına isə doğranmış göyərti səpin. 

Salatın tərkibində kreker olduğundan onu ən azı iki saat saxlamaq lazımdır ki, mayonezi hopdurub yumşalsın, həmçinin doğrayanda ovulub tökülməsin. 

Nuş olsun! 




Mətbəx sirləri: Ağ şokolad və laymla keks

Tərkibi: 

150 q ağ şokolad 
300 q un 
2 ç.q. qabartma tozu
250 q kərə yağı
1/2 ç.q. duz 
100 q şəkər 
2 x.q. laym sedrası
3 iri yumurta
60 ml süd

дaymlı qlazur: 
150 q şəkər pudrası
1 x.q. kərə yağı 
1 x.q. laym sedrası
2 x.q. laym şirəsi 

Laymın qabığını sürtgəcin xırda gözündən keçirin (narın sedra almaq üçün). 

Yumurtanın ağını sarısından ayırın. 

Un, qabartma tozu və duzu qarışdırın.

Şokoladı su hamamında əridin. 

Mikserlə yumşaldılmış yağı, şəkər tozu və laym sedrasını çalın. 

Bir-bir yumurta sarılarını əlavə edin. Mikserin sürətini azaldıb tədricən şokoladı əlavə edin, sonra isə arada süd olmaqla un qarışığını. 

Yumurta ağını möhkəm çalın. 

Rezin qaşıqla bu qarışığı xəmirə əlavə edib qarışdırın. 

Sinini yağlayın, un səpin.
 
Xəmiri içinə tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Hazır olub-olmamasını diş və ya kibrit çöpü ilə yoxlayın.  

Bişəndən sonra 10 dəqiqə sininin içində soyudun. Sonra isə tərs çevirin, tam soyumasını gözləyin. 

Qlazur hazırlamaq üçün kərə yağını əridin, digər ərzaqlarla qarışdırın. Keksin üzərinə tökün. 

İstəyə görə şokoladla bəzəyə bilərsiniz. 

Nuş olsun! 

 

Böyütmək üçün şəkillərə klikləyin. 





































 




Mətbəx sirləri: Samanın içində bildirçin

Tərkibi (2 pay):

2 bildirçin 
1 tutam saman (4-litrlik qazanın 1/3-i qədər)
300 ml şampan şərabı 
duz
istiot
kəklikotu qurusu
120 q bulqur
50 q xırda qulançar 
80 q çerri pomidor 
60  q kərəviz yarpağı 
60 q baş soğan 
1 diş soğan 
60 q qırmızı  bolqar bibəri 
60 q qabaq 
kahı 
50 ml zeytun yağı
10 ml vorçester sousu
5 sl soya sousu

sous üçün: 
400 ml toyuq bulyonu
üyüdülmüh ağ göbələk
30 q kərə yağı
10 q nanə 
80 q sürtgəcdən keçirilmiş pomidor
duz
istiot

Birinci qarniri hazırlayın. Bunun üçün bütün tərəvəzləri - qabaq, kərəviz, soğan, sarımsaq və bolqar bibərini - xırda kubik doğrayın. Tavada zeytun yağında qovurun. Sonra bulqur əlavə edin, qarışdırın, bulqurun üstünü tam örtüncə su, sonra soya və vorçester sousları əlavə edin. Tavanın qapağını örtün, qaynara düşəndən sonra vam odda 10 dəqiqə bişirin.

Qazanın dibinə samanı döşəyin (onun həcminin 1/3-i qədər). Şampan şərabını əlavə edin. Ocağın üstünə qoyun. Təmizlənmiş bildirçinlərin üstünə bitki yağı çəkin. Sonra onları buxarda dəmləmək üçün içliyin içinə qoyun, içliyi qazana yerləşdirin (beləsi yoxdursa, xırda aşsüzəndən istifadə edə bilərsiniz). Qazanın ağzını qapaqla örtün. Vam odda 10 dəqiqə bişirin.  

Qulançarı təmizləyin, eyni ölçüdə (təxminən barmaq uzunluqda) doğrayın. Bildirçinlər hazır olmamışdan 3 dəqiqə əvvəl onların yanına yerləşdirin. 

Qazançada sous hazırlayın: Bulyonun içinə sürtgəcdən keçirilmiş pomidor, nanə və üyüdülmüş quru ağ göbələk əlavə edin. Qaynara düşəndə ocağı azaldın, qazançanın ağzını açıq qoymaqla bişirin. Yarısı buxarlanandan sonra ələkdən keçirin, kərə yağı və ədviyyat əlavə edin. 
 
Boşqabın içinə hazır bulquru, üstünə bildirçini, yanına qulançarı qoyun, üstünə sous gəzdirin və göyərti, çerri pomidorlarla bəzəyin. 

Nuş olsun! 

 
Böyütmək üçün şəkillərə klikləyin.