EN SON XEBERLER

Qız və oğlanların ayrı-ayrı təhsil almaları lazımdır, ya yox?

Qız və oğlanların təhsildə daha yaxşı nailiyyətlər əldə etmələri üçün ayrı təhsil almalarının tərəfdarları kifayət qədərdir. Onların bir-birindən təcrid olunaraq təhsil aldıqları illər geridə qalsa da, bu gün əksər ölkələrdə qız və oğlanların ayrı təhsil aldıqları məktəb və ali təhsil ocaqları var. Misal üçün, İran, Amerika, Kanada, İngiltərə, Cənubi Afrika, Avstraliyada da qız və oğlanların ayrı təhsili tətbiq olunur. Qeyd edək ki, əksər belə təhsil ocaqları məşhurdur.

Şagirdlərin şəxsiyyət kimi formalaşması

Androloq Vaqif Hüseynovun sözlərinə görə, qızlarla oğlanlar bir-birindən təcrid olunsalar, aralarında böyük bir uçurum yaranacaq. 

"Yəni onlar bir-biri ilə ünsiyyət qurmaqda çətinlik çəkəcəklər. Cəmiyyətdə kişi və qadınların düzgün münasibətlərinin necə qurulmasını dərk edə bilməyəcəklər. Ona görə də kiçik yaşlardan oğlan və qız uşaqlarının birgə uşaq bağçasında, məktəbdə, ictimai birliklərdə olmasının böyük əhəmiyyəti var. Qız və oğlanlar birgə mühitdə olan zaman şəxsiyyət kimi formalaşırlar. İkincisi, onlarda qadın və kişi münasibətlərinin özülü qoyulur. Eləcə də oğlanların qızlara qarşı hörmət etmək hissi kiçik yaşlarından yaranmağa başlayır. Oğlanlar başa düşəcəklər ki, qızları incitmək olmaz", - deyən Hüseynov diqqətə çatdırıb ki, sinifdə uşaqların hamısı oğlan olsa, onlar qışqıra-qışqıra söhbət edəcək, kobud danışacaq, şit zarafatlar edəcəklər.

"Amma o sinifdə bir-iki nəfər qız olsa, vəziyyət tamam dəyişəcək. Onlar qızlardan çəkinib nə kobud danışacaqlar, nə də şit zarafatlar edəcəklər. Ümumiyyətlə, fərdin bir şəxsiyyət kimi formalaşması üçün qız və oğlanların bir mühitdə olmaları vacibdir. Sivilizasiyalı bir cəmiyyətdə yaşamaq istəyiriksə, oğlan və qızların bir yerdə oxumaları mühümdür. Onlarda artıq kiçik yaşlarından ilk estetik baxışlar yaranır. Nə qədər sinif yoldaşları, qrup yoldaşları sonradan ailə həyatı qururlar".

Bir-birindən təcrid olunaraq təhsil alan oğlan və qızların psixologiyasının formalaşmasında problemlərin yaranacağını deyən V.Hüseynov bildirib ki, eyni cinslər arasında komplekslər yarana bilər: "Gələcəkdə kişilərin qadınlara qarşı, qadınların isə kişilərə qarşı kompleksləri olacaq. Yəni ailə münasibətlərinin əsası qoyula bilməyəcək. Kişi və qadınların ünsiyyəti zamanı anlaşılmazlıqlar, mübahisələr çoxalacaq. Qadın və kişilər bir-birlərini başa düşməyəcəklər".

Androloq bildirib ki, Azərbaycanda ailə qurmaq fobiyaları çox yayılıb: "Təsəvvür edin ki, qız və oğlanların ayrı təhsil almaları onların ünsiyyəti zamanı çətinliklər yaradacaq. Məsələn, qadın bilməyəcək ki, kişinin nə xoşuna gəlir, nə gəlmir. O necə danışır və s." - deyən V.Hüseynov diqqətə çatdırıb ki, qız və oğlanların ayrı oxumalarında müsbət cəhət görmür.

Azərbaycanda qız və oğlanların ayrı təhsili

Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, Azərbaycanda istər məktəblərdə, istərsə də ali təhsil müəssisələrində oğlan və qızların ayrı təhsil almaları mümkün deyil: 

"Ümumiyyətlə, belə bir təhsil sisteminin tətbiqi yaxın gələcəkdə nəzərdə tutulan bir məsələ deyil. Qız və oğlanların ayrı təhsil almalarında təhsilin keyfiyyətinə müsbət təsir edəcək bir amil yoxdur. Bundan başqa, qız və oğlanların birgə təhsili bütün dünyada tətbiq olunur. Qız və oğlanların ayrı təhsil almaları tətbiq olunsa belə, onda gərək buna uyğun olaraq müəllimlərin hamısı ya qadın olsun, ya da kişi. Bu da yenə mümkün olan məsələ deyil. Çünki bu gün biz bilirik ki, ali məktəblərdə kişilər daha çoxdur. Belə ki, ali təhsil müəssisələrində müəllimlərin 70 faizdən çoxu kişidir".

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, qız və oğlanların birgə təhsil almaları tətbiq olunsa, biz bir addım geri atmış olacağıq. 

"Əksinə, oğlan və qızların birgə təhsil almalarının mexanizmi üzərində işləmək lazımdır ki, onlar daha əxlaqlı olsunlar, bir-birlərinə daha çox hörmət etsinlər. Onların bir-birlərindən ayrı təhsil almaları psixoloji olaraq formalaşmalarına təsir edəcək. Cəmiyyətdə qızlarla oğlanları əbədi ayrı saxlaya bilmərik. Əksinə, uşaq bağçasından başlayaraq biz onlara bir-birlərinə qarşı hörmət etmək zərurətini anlatmalıyıq, - deyən sosioloq izah edib ki, qız və oğlanlar birgə ünsiyyəydən stimul alırlar. - Bu təbiətin qanunudur. Oğlanlar qızların yanında, qızlar da oğlanların yanında özlərini daha bacarıqlı göstərməyə çalışırlar. Biz onları bundan məhrum etsək, cəmiyyətdə anormal inkişafa səbəb ola bilərik. Bu sonra özünü ailə quranda da göstərəcək. Ayrı təhsil sistemi xoş nəticələr verməyəcək".

Ə.Qəşəmoğlu qeyd edib ki, təhsil sistemi elə qurulmalıdır ki, təkcə bilik verməklə kifayətlənməsin: "Şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında da təhsil sistemi iştirak etməlidir. Universitetdə dərs deyirəm və təcrübəmə əsasən deyə bilərəm ki, tələbəlik illərimdə oğlanlarla qızların bir-birlərinə münasibəti çox ülvi, əxlaqi, çox mədəni səviyyədə idisə, indiki dövrdə bu müşahidə olunmur. Biz yanımızda oturan qıza öz bacımız və doğmamız kimi yanaşırdıq. Bu gün, heyf ki, o münasibət yoxdur. İndi qrup yoldaşları bir-birləri ilə 30-40 il bundan əvvəl olduğu kimi davranmırlar. Ona görə də təhsildə diqqət qız və oğlanların ayrı təhsil almalarına deyil, onların birgə təhsil zamanı daha əxlaqlı, mədəni olmalarına, bir şəxsiyyət kimi formalaşmalarına yönəlməlidir".

Uşaqlıqdan yaranan psixoloji problemlər 

Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, əvvəllərə nəzər salsaq, görərik ki, Azərbaycanda qadın və kişilər təhsili ayrı alırdılar. 

"Bugünkü gündə, müasir bir dövrdə oğlan və qızların ayrı təhsil almalarına ehtiyac yoxdur, - deyən psixoloq oğlan və qızın birgə təhsil almasının müsbət tərəflərinin olduğunu bildirib. - Birgə təhsil alanlar əks cins ilə daha rahat ünsiyyət qura bilirlər. Onların bir-birlərinə qarşı normal davranışı olur. Bir təhsil müəssisəsində oxuyanların gələcəkdə ictimai həyatda kompleksləri az olur".

Bu gün informasiya axınının müxtəlif mənbələrdən daxil olduğunu deyən Rzayev nəzərə çatdırıb ki, qadınlar daha müasir olmaq istəyirlər: "Qız və oğlanların ayrı təhsil almaları bir sıra problemlərin yaranmasına gətirib çıxaracaq. Qadınlar, təbii ki, buna etiraz edəcək, inqilab yaratmaq istəyəcəklər. Çünki qızları birdən-birə oğlanlardan təcrid edib, "sən yalnız qadınlarla ünsiyyətə gir" demək olmaz".

Qız və oğlanların ayrı təhsil almalarının müsbət tərəfləri

İbtidai sinif müəlliməsi Firuzə Məmmədova hesab edir ki, qız və oğlanların ayrı təhsil almalarının müsbət cəhətləri olmasaydı, belə təhsil sistemi geniş şəkildə tətbiq olunmazdı: 

"Belə təhsil sistemi əsrlərin sınağından keçib. Misal üçün, Sidneydə məktəblərin 12 faizində qız və oğlanların ayrı təhsil almaları tətbiq olunur. Hesab olunur ki, oğlanlar və qızlar ayrı oxuduqda təhsildə nəticələr daha yüksək olur. Qız və oğlanların ayrı təhsil almalarının onların fikirlərinin yalnız dərslərə cəmlənməsində böyük rolu var. Xüsusilə, müəllimlərə bu yaxşı məlumdur ki, məktəbdə qız və oğlanlar bir-birlərinə diqqət göstərməyə başlayırlar. Dəfələrlə oğlanların dərs vaxtı qızlara yazdıqları sevgi məktublarını, rəsmlərlə, ürək fiqurları ilə bəzədilən, "Günay + Elbrus = sevgi" kimi sözlərin yazıldığı məktubları görüb götürmüşəm. Təhsil alanlar arasında yaranan bu hisslər yuxarı siniflərdə daha çox özünü göstərir və onların yaxşı dərs oxumalarına maneə yaradır. Onlar ayrı oxuduqda isə fikirləri tam dərsdə olur".

F.Məmmədova nəzərə çatdırıb ki, oğlanlar qızlardan əqli inkişafca iki il geri qalırlar.

 "Bu səbəbdən də onların ayrı təhsil almaları daha yaxşı nəticələr verir. Birgə oxuduqda isə, xüsusilə də ibtidai siniflərdə, qızlar dərslərini oğlanlardan daha yaxşı oxuyurlar, müəllimlər onları tərifləyirlər. Bu kimi hallar da oğlanların tez ruhdan düşmələri ilə nəticələnir. Ona görə də sinifdə həmişə "iki" alan oğlanlar qızlara nisbətən daha çox olur, - deyən müəllimə əlavə edib ki, qız və oğlanlar bir-birlərindən çəkindikləri üçün də onların birgə təhsil almaları çətinləşir. - Bəzən elə olur ki, oğlanlar qızların, qızlar isə oğlanların qarşısında dərs danışmağa utanırlar. Əksər hallarda yuxarı siniflərdə oğlanlar ümumiyyətlə lövhənin qabağına çıxıb dərs danışmağı özlərinə sığışdırmırlar. Bu baxımdan qız və oğlanların ayrı təhsil almalarının müsbət tərəfləri çoxdur".

Нет комментариев

Добавить комментарий