EN SON XEBERLER

Cənnətə və cəhənnəmə xüsusi turlar?

Saytda qiyamətlə bağlı sorğu-sual...

www.nasa.gov saytında insanlar bu günlə bağlı öz suallarını yollayır, ekspertlər isə online  rejimdə onlara cavab verirlər. Bu sual-cavabda diqqəti çəkən əsas detal isə qiyamət təlaşı ilə bağlı sual verənlərin kimliyi olub. Sübut edilib ki, bu təlaşı daha çox amerikalılar yaşayırlar. Buna səbəb isə amerikalılar arasında bu təşvişin daha çox yayılması, dünyanın sonu ilə bağlı məhz bu mövzuda çoxlu sənədli və bədii filmlərin çəkilməsidir. Təşkilatdan deyiblər ki, dünyanın sonu ilə bağlı iddialar şumerlər tərəfindən ortaya atılıb. Onların dediyinə görə, bu iddia Nibiru adlı bir planetin dekabr ayında dünya ilə toqquşacağı ehtimalına söykənir. NASA yetkililəri bu toqquşma üçün daha öncə 2003-cü ilin may ayının versiya kimi irəli sürüldüyünü, lakin bu, baş verməyincə 2012-ci il dekabr ayının variant kimi səsləndirildiyini deyib.

Nibiru planeti ilə bağlı əllərində heç bir ipucu olmadığını deyən NASA yetkililəri sayta bunları yazıb: “Əgər bu planet həqiqət olsaydı və dünya ilə toqquşacaq bir nöqtədə bulunsaydı, bunu ən azı 10 il əvvəldən bilərdik. Eyni zamanda həqiqətən də 21 dekabrda Yerlə  toqquşacaq olsaydı, Nibirunu indidən göy üzündə çılpaq gözlə görə bilməliydik.

Daxili İşlər Nazirliyi qiyamətlə bağlı əmr imzalayıb

Saytdakı bu xəbərdarlıq və sual-cavaba baxmayaraq, dünyada qiyamət günü ilə bağlı ilginc hazırlıqlar davam edir. Məsələn, Amerikanın ayrı-ayrı ştatlarında insanların məhz bu tarixdən sağ-salamat qurtulmaları üçün kütləvi dua etdikləri yerlər var. Həmin insanlar bura yığışaraq öz ailələri, yaxınlarının bu fəlakətdən sağ çıxması üçün dua edir. Amerikalılar inanırlar ki, bu məsələdə kütləvi duaların təsir gücü daha böyükdür.

Krasnodar vilayətində isə yerli polis orqanları bu günə ciddi hazırlaşıblar. Bu günlərdə Rusiya mətbuatı bununla bağlı bir sənədi ələ keçirib və yayımlayıb. Sənəd vilayət rəhbərliyinin imzası və möhürü ilə yayılıb. Əmrdə bir neçə bənd var. Bəndlərdən bəzilərini nəzərinizə çatdıraq. Əmrdə bildirilir ki, sözügedən tarixə qədər yerli icra orqanı işçiləri küçələrdə bütün qazıntı işləri yekunlaşdırsınlar. Bu, guya ki, baş verə biləcək fəlakət zamanı insanların rahat yollarda hərəkəti üçün nəzərdə tutulub. Bundan başqa, əmrdə vilayətin Daxili İşlər Nazirliyi işçiləri üçün təlim keçirilməsi də öz əksini tapıb. Bütün müəssisələrdə fövqəladə hala hazırlıq səviyyəsinin araşdırılması, polis patrol postlarının sayının artırılması, şəxsi heyət arasında maarifləndirmə işlərinin gücləndirilməsi də əmrdə qeyd olunub. Belə ki, heyətdə bu kimi hallara qarşı ən dözümlü əməkdaşlar saxlanacağı bildirilib. 24 dekabr 2009-cu ildə vilayətin daxili işlər naziri V.Y.Yakimenki tərəfindən imzalanan sərəncam hazırda icraatdadır və bu mənada krasnodarlılar özlərini nisbətən təhlükəsiz hiss edirlər.

Krasnodarlılardan keçək amerikanlara. Yuta ştatından Brekstron və Kara Sautvik 21 dekabrdan qorunmaq üçün hazırlanan xüsusi bunkerlərə tur təklif edir. Onlar bunu National Geographic (NGC) telekanalında “Doomsday Preppers” adlı şouda nümayiş etdirməyə hazırlaşırlar. Xatırladaq ki, məhz bu kanal dünyanın sonu ilə bağlı silsilə verilişlər çəkir. NGC-nin jurnalistləri mindən artıq adam arasında bu günə necə hazırlaşmaları, son günlərini necə keçirmələri və kimin bu gün sağ qalacağına inanması ilə bağlı sorğu keçiriblər.

Amerikanlar 21 dekabrı harada və kiminlə keçirmək istəyir?

Rəyi soruşulan amerikanların üçdə bir hissəsi hesab edib ki, 21 dekabrdan ən çox Hollivud aktyoru Tom Kruzun və məşhur teleaparıcı Opra Uinfrinin sağ çıxmaq şansı var. Sorğu iştirakçılarının dörddə biri isə “Dəmir adam” filminin qəhrəmanı Robert Daunini bu cür fəlakətin qarşısını ala biləcək səviyyədə silahlanmış şəxs adlandırıb. Ondan başqa, Betmen rolunun ifaçısı Kristian Beyl (17%) və “Kapitan Amerika” filminin qəhrəmanı Kris Evans (14%) də amerikanların güclü qəhrəmanları sayılıb. Onlar düşünürlər ki, bu şəxslər də fəlakətdən “üzüağ” çıxa bilər.

Amerikanların son günlərini kiminlə keçirmək istəmələri də sorğunun bir başqa sualıdır. Rəyi soruşulan kişilərin 17%-i son günlərini aktrisa Cenifer Anistonla keçirmək istədiyini açıqlayıb. Siyahıda ikinci yeri Meqan Foks tutub. Ona da 13% səs verib. Onun ardınca Skarlet Yoxansson (11%) və Ancelina Coli (10%) gəlir.

Qadınlar isə öz növbəsində Corc Kluniyə (23%), Çenninq Tatum (10%) və Rayan Hoslinqə (6%) səs veriblər.

Amerikanların 55 %-i həmin gün yanlarında dini kitab olmasını arzulayır. 21 yaşdan böyük olan amerikanlar həmin gün alkoqollu içkilərdən də imtina etmək istəmirlər. Dünyanın son günü üçün ən məşhur kokteyllər isə “Uraqan” və “Qanlı Meri”dir.

Sorğu iştirakçılarının 53 faizi deyib ki, əgər onlar ötən yeni ildə dünyanın sonunun yaxınlaşacağını bilsəydilər, yeni il arzuları ailələri ilə daha çox vaxt keçirmək olardı. 3% isə deyib ki, bunu bilsəydilər, ümumiyyətlə, işdən çıxardılar.

Hər dörd amerikalıdan biri hesab edir ki, dünyanın son gününün əsas əlaməti “Cersi sahili” adlı realiti-şoudur. 

Cənnətə və cəhənnəmə turlar, xüsusi dəstlər - qiyamətdən qazananlar da var...

Bu günə şəbədə qoşanlar da az deyil. Xüsusən Amerikada turizm şirkətləri zarafatqarışıq bir aksiyaya başlayıblar. Onlar “cəhənnəmə” və “cənnətə” xüsusi turlar təşkil edirlər. Bu tur üçün pul ödəyən müştərilərə isə müvafiq sertifikat verilir. Guya ki, sertifikat sahibi sözügedən “ərazi”lərdə bələdçisiz hərəkət edə biləcək.

Dünyanın sonu ilə bağlı “dəst” hazırlayanlar da az deyil. Bunu daha çox meksikalılar edir. Bu kommersiya layihəsi Meksikadan sonra Rusiyaya da gəlib. Tomskda satışa çıxarılan komplektə isə dərmanlarla yanaşı, spirtli içkilər, qurudulmuş çörək, şam, qarabaşaq, şprot, kibrit... daxil olub. Amma bu komplekti satışdan tez yığışdırıblar. Çünki  firmanın nə dərman, nə də spirtli içki satışına lisenziyası olmayıb.

Amma Ukraynada sözügedən komplektə daha orijinal əşyalar daxil edilib. Belə ki, bu komplektə şampun, klyonka plaş, çoxlu disk də daxildir. Sonuncunun siyahıya salınmasına səbəb isə həmin günlərdə zülmət düşəcəyi və insanların vaxt öldürmək üçün guya disklərə baxacağıdır.

Нет комментариев

Добавить комментарий