EN SON XEBERLER

Azərbaycanın tikinti sektorunda 66 nəfər ölüb

2012-ci ilin 10 ayı ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xidmətlərinə daxil olan müəssisələrdə ölənlərin sayı 20 nəfər olub. Bu barədə Trend-ə AHİK-dən bildirilib.

Xəsarət alanların və zədələnənlərin sayına gəlincə, bildirilib ki, bu barədə məlumat AHİK-ə ilin yekununda təqdim edilir.

Məlumatda qeyd olunub ki, Respublika üzrə cəmi xəsarət alanların sayı 194 nəfər, o cümlədən tikinti sahəsində 75 nəfər, ölənlərin sayı isə 66 nəfər, o cümlədən tikinti sahəsində 32 nəfər olub.

Baş vermiş bədbəxt hadisələrin əsas səbəbləri işlərin təhlükəsiz yerinə yetirilməsinə rəhbərliyin nəzarətinin zəif olması, işçilərin əməyin təhlükəsizliyi tələblərinə əməl etməməsi, xüsusən qeyri-dövlət sektorunda işəgötürənlərin əməyin təhlükəsizliyinə görə məsuliyyətinin aşağı səviyyədə olması, təhlükəsizlik texnikası sahəsində yeni texnologiyaların tətbiq edilməməsidir.

Həmkarlar İttifaqı fəallarının maarifləndirilməsi məqsədilə AHİK Beynəlxalq Həmkarlar İttifaqları təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının (BƏT) zəngin təcrübəsindən geniş istifadə edir.

Hər il Həmkarlar İttifaqları təşkilatlarının Ümumdünya əməyin təhlükəsizliyi gününü (28 aprel) qeyd etməsi hakimiyyət orqanlarının və ictimaiyyətin əməyin mühafizəsi məsələlərinə diqqətinin cəlb edilməsinin mühüm formalarındandır.

Son 5 ildə 28 aprel günü ərəfəsində respublikanın bütün şəhər və rayonlarını əhatə edən 25 mindən artıq dinləyicinin - həmkarlar ittifaqı komitə sədrlərinin, ilk təşkilatların rəhbərlərinin və əməyin mühafizəsi üzrə müvəkkillərinin iştirakı ilə 400 zona seminarı keçirilib.

Hər il hazırlanan tematik tədbirlər planına əsasən, yerlərdə "istehsalatda bədbəxt hadisələrin qarşısının alınması" istiqamətində seminarlar, müşavirələr, "dəyirmi masa"lar, yoxlamalar, baxış-müsabiqələr keçirilir.

"Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında ən yaxşı müəssisə (təşkilat)" devizi ilə keçirilən müsabiqələrdə son 3 ildə iştirakçı müəssisə, təşkilat, sex və sahələrin sayi 1000-ə çatıb. Müsabiqələrin yekunlarına görə 254 müəssisə və təşkilat qalib elan olunub.

Təkcə 2011-ci ildə aparılan yoxlamaların yekunları göstərir ki, AHİK-in əmək müfəttişləri tərəfindən hər 17 işçidən birinin həyatı üçün risk faktorunun aradan qaldırılması istiqamətində tədbirlər görülüb.

Özəl istehsalat şirkətlərinə gəldikdə isə, yuxarıda sadalananlar AHİK xidmətinə daxil olan özəl istehsalat şirkətlərində də həyata keçirilir.

Нет комментариев

Добавить комментарий