IDMAN

Messi: "Bu rekord Kriştianoda qalacaq"

İspaniyanın “Barselona” klubunun forvardı Lionel Messi Rusiya mətbuatına müsahibə verib.

Qol.Az-ın məlumatına görə, “Sobesednik” qəzetinin suallarını cavablandıran argentinalı ulduz bir sıra önəmli məqamlara toxunub.
 
– Lionel, fikrinizcə, siz dünya futbolunda bütün rekordları vura biləcəksiniz? Sizin üçün titullar nə dərəcədə əhəmiyyətlidir?

– Hər şeydən əvvəl uğurlarım taleyin qismətidir. Mən Argentina millisi və “Barselona” kimi komandada oynamaq imkanı qazanmışam. Buradakı əla komanda yoldaşlarımla qol vurmaq insana başqa bir zövq verir. Onların əhətəsində hiss edirəm ki, futbol dünyanı birləşdirən və gözəlləşdirən bir oyundur. Mən həmişə meydana azarkeşləri sevindirmək və nəyə qadir olduğumu göstərmək üçün çıxıram. Oyunlara adi baxıram. Amma bunlar o demək deyil ki, qələbələr mənə lazım deyil. Mən həmişə qalibiyyət haqda düşünürəm, hətta heç-heçə məni istisna hallarda qane edir. Rekordlara gəlincə, bu məsələ məni narahat etmir. Bu, mənim üçün həyatda hər şey demək deyil. Amma mənə mükafatlar qazanmaq xoşdur. İstənilən mükafatı qazananda uşaq kimi sevinirəm. Onu da başa düşürəm ki, komanda yoldaşlarımın köməyi olmasaydı, buna nail ola bilməzdim.

– Sizcə, bu il Herd Müllerin rekordunu qıra biləcəksiniz?

– Konkret olaraq bu rekord barədə mən düşünmürəm və vurduğum qolları hesablamıram. Mənim məqsədim başqadır: Argentina ilə dünya çempionu, “Barselona” ilə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olmaq. Komanda maraqları mənim üçün birincidir.

- Dördüncü dəfə “Qızıl top” mükafatını qazanmaq şansınızı necə dəyərləndirirsiniz?

- Bunu Tanrı bilər. Mən axı, dünyada bu mükafatı daim almalı olan yeganə futbolçu deyiləm. Bundan başqa, hazırda çox yaxşı formada olduğumu düşünmürəm. Səhhətimlə bağlı hər şey yerindədir. Amma məndə belə bir hiss var ki, daha karyeramın zirvəsində deyiləm, bundan sonra geriləmə baş verəcək. Azarkeşlər isə məndən yeni qələbələr gözləyirlər.

- Dünyanın ən yaxşı futbolçusu seçildikdən sonra həyatınızda nə dəyişdi?

- Hər şeydən əvvəl komanda yoldaşlarıma münasibətim. Düzü, karyeramın parlayan vaxtı hesab edirdim ki, əgər hücumçuyamsa, bütün ötürmələr mənə verilməlidir. Zaman keçdikcə başa düşdüm ki, belə deyil. Hamı qol vurmaq istəyir və mən özüm də əlverişli vəziyyətdə olan oyunçuya ötürmə verməliyəm. Bu, əvvəl mənim üçün çətin idi. İndi isə bunun öhdəsindən gəlirəm.

- Bəs, oğlunuzun dünyaya gəlməsi həyatınıza hansı yeniliyi gətirdi?

- Bu hadisə məni dünyanın ən xoşbəxt kişisinə çevirdi. Heç bir qol körpə ilə müqayisə oluna bilməz. Mən uşaqları əvvəllər də sevirdim. İndi isə başa düşürəm ki, öz övladının olması möcüzə kimi bir şeydir.

- Və sonda. Sizin “dostunuz” Ronaldonun belə bir rekordu var: o, “Mançester Yunayted”dən “Real”a 93,4 milyon avroya keçməklə dünyanın ən bahalı futbolçusu olub. Siz onun bu rekordunu təzələmək istərdiniz?

- Bu, mümkün deyil. Mən “Barselona”dan getmək haqda fikirləşmirəm: nə indi, nə də gələcəkdə. İnanıram ki, öz klubumda karyeramın sonuna qədər oynayacağam. Odur ki, bu rekord elə Kriştianoda qalacaq. Mən ona inanıram.

Нет комментариев

Добавить комментарий