EN SON XEBERLER

Azərbaycanda etibarnamələr ləğv ediləcək?

Millət vəkili Çingiz Qənizadə Trend-ə bildirib ki, etibarnamə sisteminin ləğv olunmasının tərəfdarıdır. O deyib ki, etibarnamə ilə satılan avtomobillər çox zaman alan tərəf üçün problemlər yaradır. Millət vəkili hesab edir ki, etibarnamələrin verilməsi proseduru vətəndaşlar və hüquqi şəxslər üçün inzibati maneələr yaradır.

Belə ki, avtomobilin əvvəlki sahibinin bank borcu yaranarsa, ailədə tərəflər arasında boşanma olarsa, o zaman avtomobili etibarnamə ilə alan şəxs üçün problem yaranır, nəqliyyat vasitəsi müsadirə oluna, ona həbs qoyula bilər.

Millət vəkili avtomobilin etibarnamə ilə idarə edilməsinin də tərəfdarı deyil. Buna ehtiyac görməyən Qənizadə hesab edir ki, nəqliyyat vasitəsini idarə etmək üçün texniki pasport və sürücülük vəsiqəsinin olması kifayətdir.

Onun sözlərinə görə, küçə və yollarda quraşdırılmış kameralar və texniki avadanlıqların köməyi ilə qaçırılan, axtarılan avtomobil barədə məlumat almaq, onun yerini müəyyən etmək mümkündür.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu sistemin hazırki dövrdə ləğvini məqsədə müvafiq saymır.

Hüseynli Trend-ə bildirib ki, etibarnamələr müvafiq orqana maşının kimə məxsus olmasını, cinayət hadisəsi törədilərkən avtomobilin yerini müəyyən etməyə imkan verməklə bərabər yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı cərimələrin tətbiqini də asanlaşdırır.

"Baxmayaraq ki, ölkədə kriminal durum sabitdir. Ölkəyə güclü miqrasiya axınının olduğunu, avtomobillərin sayının artdığını nəzərə alaraq hesab edirəm ki, bu sahədə mövcud prosedurları qoruyub-saxlamaq daha faydalıdır. Biz elektron resursların tətbiqindən, istifadəsindən çox danışırıq, hələ ki, onun real tətbiqini və nəticələrini görmürəm", - Hüseynli deyib.

Komitə sədri gələcəkdə bu sahədə etibarnamələrin ləğvini mümkün sayır. Onun fikrincə, həm nəqliyyatın elektron idarəetməsi, həm yol polisinin fəaliyyətində elektron üsulların tətbiqi, həm də cərimələrin elektron tətbiqi mükəmməl bir səviyyədə formalaşandan sonra, etibarnamələrin ləğvi mümkündür.

"Hazırda bu sahədə vəziyyət qənaətbəxş olmadığı üçün etibarnamələrin ləğv olunması aktual deyil", - o deyib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə Trend-ə açıqlamasında deyib ki, avtomobillərin alq-satqısı zamanı etibarnamə ləğv edilərsə, avtomobillərin oğurlanması, qaçırılması faktlarının sayı artacaq.

Etibarnamə institutunun tətbiqinin vətəndaşları bir sıra problemlərdən sığortaladığını deyən şöbə rəisi bildirib ki, avtomobil sahibi avtomobilinin qaçırılması, oğurlanması barədə bir müddət məlumatsız ola bilər. Etibarnamə institutunun ləğvi bu halda həmin avtomobilin tapılması üçün müəyyən əngəllər yarada bilər.

Qeyd edək ki, Polşada, Türkiyədə və Belarusda nəqliyyat vasitələrini idarəetmə hüququ verən etibarnamələr ləğv olunub.

Нет комментариев

Добавить комментарий