EN SON XEBERLER

Yaddaşı necə bərpa etməli?

İşdə həyəcanla düşünürsən ki, evdə ütünü və ya qaz pilətəsini söndürmüsənmi? Evə gəlib televizora baxmaq istəyirsən, amma eynəyinin yeri yadına düşmür. Və yaxud ən vacib və ya dramatik məqamda ən önəmli söz hafizəndən sanki silinir, yada salmaq cəhdlərin heç bir fayda vermir.

Hesab edilir ki, insan yaşlandıqca yaddaşı zəifləyir. Amma son zamanlar yaddaş zəifliyindən şikayət edənlərə, hafizənin pozulmasına artıq gənclər arasında da rast gəlinir. Əslində, yaddaşın pisləşməsi beynin stressə qarşı müdafiə reaksiyasıdır. Bəs unutqanlığın öhdəsindən gəlmək, yaddaşı bərpa etmək olarmı?

Beynin "arxivi"

Yaddaş və yaxud hafizə - beynin funksiyalarından biri və çox mürəkkəb mexanizmdir. Beynin bu psixi və yaxud zehni funksiyasına, fəaliyyət növünə informasiyanın toplanması, saxlanılması və yenilənməsi daxildir. Yaddaşın xüsusiyyətləri bunlardır: dəqiqlik, həcm, sürət, təzələnməyə hazırlıq və yaddan çıxarmanın sürəti.

Yaddaşın o qədər tipi və növü var ki: sensor, səs, görüntü (viziual), ağrı və s. Hətta dad yaddaşımız da var.

Bundan başqa, yaddaş obrazlı, məntiqi, emosional, deklarativ, uzunmüddətli, qısamüddətli, aralıq, epizodik və s. ola bilir.

Risk faktorları

Həm fizioloji, həm də psixi faktorlar yaddaşa öz təsirini göstərir. Bizim unutqanlığımız eyni dərəcədə həm birinci, həm də ikinci faktorlarla bağlı ola bilər.

Psixiloji səbəblərə aşağıdakılar aid ola bilər:

- Xroniki stress üzündən diqqəti toparlamaq, fikri cəmləşdirmək qabiliyyətinin olmaması;

- Tələskənlik vəziyyəti və avtomatik davranış - bu zaman fikrimiz başqa şeylərlə məşğul olduğu üçün avtomatik etdiyimiz hərəkətlər hafizəmizdə qalmır;

- Apatiya (halsızlıq) və ya əksinə, çılğın emosional hal diqqətin olmamasına, fikrin dağınıqlığına və unutqanlığa aparır.

Fizioloji səbəblərə aiddir:

- kəllə-beyin zədələri və ya nə vaxtsa keçirilmiş kəskin xəstəliklər;

- ürək-damar, endokrin sistemi (ateroskleroz, qipoterioz) xəstəlikləri;

- qeyri-düzgün maddələr mübadiləsi;

- yetərincə yatmamaq;

- əsəb sistemi və ya beynin patologiyası;

- qeyri-düzgün və yetərincə yeməmək;

- pis vərdişlərin olması;

- qan dövranı sisteminin pozulması.

Depressiya hafizəni pozur

Unutqanlığın və yaddaşın zəifləməsinin səbəbləri dəqiq aşkara çıxarılarsa, hafizənin möhkəmləndirilməsi üçün daha tez çarə tapıla bilər. Yaddaşı bərkitmək üçün yetərincə sadə və əlçatan üsullar var.

Bəri başdan deyək ki, yaddaşın zəifləməsi insanın yaşından daha çox, onun düşdüyü pis əhval-ruhiyyə ilə bağlıdır. Odur ki, unutqanlığa qarşı daha gözəl şeyləri yad etməklə də mübarizə aparmaq olar. Elm artıq sübut edib ki, müsbət emosiyalar möcüzə yaradır, yaddaşa da pozitiv təsir göstərir. Həkimlər diqqəti buna cəlb edirlər ki, qəm-kədər, apatiya, stress içində olanlar unutqanlıqdan xüsusilə əziyyət çəkirlər. Buna görə də, ilk növbədə depressiyadan qaçmaq lazımdır.

Biz gündəlik həyatımızda - işdə və ya evdə stress yaradan situasiyalarla üzləşirik. Belə xoşagəlməz durumlardan qaçmağa çalışın və ya bu cür hallara, fors-major vəziyyətlərə sakit yanaşmağa çalışın.

Qeyd edək ki, insan depressiyaya düşdükdə onda xüsusi stress hormonunun - kortizolun miqdarı artır. Minnesota (ABŞ) və Lankasterdən (Böyük Britaniya) olan bir qrup aşkara çıxarıb ki, stress göz yaşları ilə orqanizmdən çıxa bilir. Ümumiyyətlə, artıq sübut olunub ki, insanların 88,8%-i ağladıqdan sonra özünü daha yaxşı hiss edir. Ağlamaq nəfəsi dərin alıb verməklə müşayiət olunur və bu zaman orqanizmdə kortizolun səviyyəsini aşağı düşür. Kortizoldan yaxa qurtarmaq həm də yaddaşa dinclik verir.

Yaddaşın da öz qidası var

Yaddaş üçün düzgün qidalanmağın önəmi var. Bizim beynimiz qeyri-düzgün qidalanmadan mədəmizdən az əziyyət çəkmir. Yaddaşın keyfiyyəti və intellektual həyatın davamlılığı isə məhz balanslaşdırılmış qidadan asılıdır.

Beyin, bəlli olduğu kimi, boz maddələrdən ibarətdir. Onun molekullarını isə öz növbəsində o elementlər təşkil edir ki, həmin elementlər də yediyimiz qidalarda var.

İlk növbədə menyumuzda əsas yağ turşuları yer tutmalıdır. Qeyd edək ki, beynin strukturunun üçdə biri lipoidlərdən (doymamış yağ turşusu - doymamış yağ turşuları "yaxşı" xolesterin yaratdığı üçün "yaxşı" turşular sayılır) ibarətdir. Əgər onlar yetərli deyilsə və ya pis keyfiyyətlidirlərsə, neyronlar - beynin özünəməxsus "kərpicləri" öz funksiyasını pis yerinə yetirir.

Bu zaman neyronlar hətta tamamilə yox ola və öz arxalarınca bizim xatirələrimizi də dartıb apara bilərlər. Lipoid turşuları qan dövranına əla təsir göstərir. Öz növbəsində qan dövranı nə qədər yaxşı işləyərsə, daha çox qidalandırıcı maddələr beyin hüceyrələrinə düşür.

Orqanizm üçün yağ turşularının tədarükçüləri balıq yağı və bir sıra bitki yağlarıdır (zeytun, günəbaxan, qoz və s.).

Yaddaş üçün az ət yeyib, daha çox balıq əti (siyənək, tuna, skumbriya və s.) yemək faydalıdır. Ümumiyyətlə, dəniz məhsulları yaddaşı möhkəmləndirir.

Orqanizmdə qlüsid-karbohidratlarının çatışmazlığı yaddaş üçün pis göstəricidir. Onlar beyin neyronları üçün "yanacaq" sayılır. "Tədrici" qlüsidləri biz çörəkdən, kartofdan və makoron məmulatlarından alırıq. "Sürətli" qlüsidlər isə şəkərin çox olduğu konfetlərdə və pirojnalarda olur. Lakin şirniləri izafi istehlak etmək hafizəyə mənfi təsir göstərə bilər.

Təbii ki, amin turşularının (foli) olduğu proteinlər də yaddaş üçün önəmlidir. Orqanizm bu turşunu özü istehsal edə bilmir. Protein balıq məhsullarında, tərəvəzdə, düyüdə, qırmızı lobyada və s.-də boldur.

Beyin və yaddaşı vitaminlərlə də bərkitməyə ehtiyac var.

Burada şəriksiz lider B qrupu vitaminləridir. Məsələn, B1 vitamini beyin və sinir sistemi hüceyrələri arasında fasiləsiz rabitəyə "cavabdehdir". B1 vitamini çörəkdə, pendirdə, noxudda, lobyada, qarabaşaqda, fındıqda var. Yağsız süddə və yoqurtda bol olan B2 vitamini də hafizə üçün faydalıdır.

Yaddaş üçün kalium və kalsiuma da ehtiyac var ki, bu elementlər də bananda, quru meyvələrdə, kişmişdə, qozda, kələmdə, süddə və almada boldur.

Təbii ki, yaddaşı gücləndirən xeyli sayda xüsusi dərman preparatları var. Üstəlik, qlobal farmasevtika hər il yenilərini satışa çıxarır. Estrogenlərdən, hormonlardan hazırlanan dərmanlar hafizəyə pozitiv təsir göstərir.

Bir sözlə, müalicəvi həblər yetərincədir, lakin dərmanlara aludə olmaq xatalıdır, zira onların bir çoxu ziyansız deyil.

Bir fincan qəhvə

Kofein zehni fəalliyyəti gücləndirir, diqqəti artırır.

Kofein qəhvədə boldur və bir fincan qəhvə içmək zehni işi yaxşı stimullaşdırır, xüsusilə də qəhvə şirindirsə. Çünki həm kofeinin, həm də qlükozanın yaddaşın möhkəmləndirilməsi prosesində öz rolu var.

Amma izafi şəkər ziyansız deyil. Həmçinin kofein də mədə-bağırsaq traktına neqativ yan təsir göstərə bilir.

Ötən saylarımızda yaddaşı bərkidən bitkilər barədə ara-sıra məlumatlar vermişik. Təkrarın biliyin anası olduğunu nəzərə alaraq onların bəzilərini yada salaq:

- Qırqovul və fərə əti fəhmi artırır;

- Yasəmən, nərgiz və şamama iyləmək, mərzə çeynəmək yaddaşsızlığa qarşı çox yaxşıdır. Heyva iyləmək beyni və əhval-ruhiyyəni yaxşılaşdırır;

- Püstə, əncir, mixək, fındıq və qabaq beyni gücləndirir;

- Gül yağı baş və beyin üçün olduqca münasibdir. Buruna gülab çəkmək huşsuzluğa qarşı faydalı olmaqla, beyni və diqqəti möhkəmləndirir;

- Zəncəfil hafizəni, zəfəran diqqəti qüvvətləndirir;

- Xiyar iyləmək beyni açır, kəklikotu çiçəyinin mürəbbəsi zehni qüvvətləndirir.

Sağlam həyat tərzi

Yaddaşın ümumi vəziyyəti düzgün həyat tərzi ilə bilavasitə bağlıdır. Beynin oksigenlə yetərincə təmin edilməsi nəticəsində qanın intensiv dövranı bu ali orqanın funksiyalarına və yaddaşa pozitiv təsir göstərir.

Ona görə də təmiz havada daha çox olmağa, həftədə bir neçə dəfə idmanla məşğul olmağa, yuxudan əvvəl bir saat civarında piyada gəzməyə və istirahət günlərində təbiət qoynunda gəzintiyə çıxmağa səy göstərmək lazımdır.

İnsan tam yuxusunu almalıdır və bu onun üçün həyati önəmə malikdir. Əgər müntəzəm olaraq 1-2 saat az yatırıqsa, yuxudan doymuruqsa, bu, gec və ya tez yorulmuş beynin müdafiə reksiyasını - unutqanlığı işə salmasına səbəb olur.

7-8 saat yuxu insanın əsəb sistemi ilə beynini gərginlikdən çıxarır, hafizənin möhkəmlənməsinə kömək edir, həmçinin maddələr mübadiləsini yaxşılaşdırır və piylənmənin qarşısını alır.

Təbii ki, spirtli içkilər və siqaret çəkmək kimi zərərli vərdişlər yaddaşa mənfi təsir göstərir. Onlarla mübarizə yalnız yaddaşı möhkəmləndirmək üçün deyil, həm də həyat tərzinin keyfiyyətini artırmaq üçün lazımdır.

Нет комментариев

Добавить комментарий