EN SON XEBERLER

Yeni ili harada keçirək?

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycanda 3 gün qeyri-iş günü olacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, Nazirlər Kabinetinin bu günlərdə qəbul edəcəyi qərarla Azərbaycanda 2012-ci il dekabrın 31-dən 2013-ci il yanvarın 3-nə kimi qeyri-iş günü olacaq.
"Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yanvarın 1-i, 2-si isə Yeni il bayramıdır.
Dekabrın 30-u bazar gününə düşdüyü üçün qeyri-iş günü olacaq. Dekabrın 29-u şənbə gününə düşür. Elə yerlər var ki, orada şənbə günü iş günü olmur. Həmin yerlərin əməkdaşları üçün 5 gün qeyri-iş günü olacaq. Lakin şənbə günü işləyənlər adi qaydada çalışacaqlar", - deyə mətbuat xidmətinin məlumatında deyilir.

Bayram ərəfəsində verilən 5 günlük tətildən, yəqin ki, hər kəs maksimum yararlanmağa çalışacaq. Dünya təcrübəsində inkişaf etmiş dövlətlər turizmin inkişafına görə, ölkəyə turist axınının təmin edilməsi üçün hava yolları şirkətlərinə pul ödəyir. Avropa ölkələrində isə hava yolları şirkətləri xüsusi endirim kampaniyaları keçirirlər. Biletlər adi günlərdən fərqli olaraq aşağı qiymətə satılır. Otellər də turistləri cəlb etmək məqsədilə bayram günlərində qiymətlərdə endirimlər edirlər.

Bəs bizdə vəziyyət necədir? Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bu həftə mətbuata açıqlamasında artıq ölkədəki otel və turizm şirkətlərinin Yeni illə əlaqədar paketlərini hazırladıqlarını deyərək, insanları Yeni ili Bakıdakı otellərlə yanaşı, müxtəlif bölgələrdə də keçirməyə çağırdı. Anspress isə, öz növbəsində, Yeni ildə Azərbaycanda və ondan kənarda istirahətin neçəyə başa gəldiyini araşdırıb. Yeni ili Şəki şəhərində qeyd etmək istəyən qonaqlara Şəkinin ən tanınmış otellərindən biri əhaliyə öz xususi qiymət paketini təklif edir - 430 -1220 AZN. Xususi təklif paketinə 3 gecə oteldə gecələmə, gündə 3 dəfə yemək, Yeni İl Şou proqramında iştirak, canlı musiqi daxildir. Yeni il ərəfəsində Qəbələdə ikicə gün istirahət 810 – 2260 manata təklif olunur.

Azərbaycanın turizm bölgələrinin bayram tətillərində tətbiq edəcəyi endirimlərlə maraqlandıqda Lənkəran – Astara bölgəsində qətiyyən bayram abı-havasının hiss olunmadığını müəyyənləşdirdik. Bu bölgə rayonlarının heç birində bayrama xüsusi hazırlıq görülmür. Bu zonanın turizm obyektlərinin rəhbərləri bayramla bağlı heç bir sifariş almadıqlarını, buna görə də elə bir ciddi hazırlıq işi görmədiklərini vurğulayırlar. Təbii ki, qiymətlər də əvvəlki kimi qalır və heç bir endirim kampaniyası aparılmır. Onlar bu cür vəziyyəti zonanın dinə meylli olması ilə izah edərək, müsəlmanların matəm ayı hesab edilən məhərrəm ayı ilə əlaqələndirirlər.

Gəncə və ətraf rayonlarda da bayrama xüsusi hazırlıq görülmür. Bu zonada daxili turizmdən fərqli olaraq xarici turizmin inkişafı əməlli-başlı hiss olunur. Gəncə Regional Turizm İnformasiya Mərkəzindən verilən məlumatda yerli sakinlərin Türkiyə, Dubay, Tayland və hətta siyasi durumun sabit olmadığı Misirə səyahətə üstünlük verdikləri bəlli oldu.

Şəkidə vəziyyət nisbətən yaxşıdır. Belə ki, buradakı turizm obyektləri digər rayonlara nisbətən Yeni ilə hazırlıq görürlər. Bu il Şəkinin otel və qonaq evləri bayram günlərində müştəri sıxlığının artacağını güman edərək bayrama xüsusi hazırlaşıblar. Otel işçilərinin belə düşünməsinə ötən bayramların təcrübəsi imkan verir. Şəhərdə həmin müştəriləri də yerləşdirməyə imkan var. Bu, Şəkidə yeni inkişaf etməyə başlamış ailə turizmin vasitəsi ilə mümkün olacaq. İndi şəhərdə turistləri qarşılayan evlər yaranıb ki, ucuz qiymətə müəyyən şəraiti olan belə evlərdə qalmaq olur.

Azərbaycanın turizm baxımından ən inkişaf etmiş regionlarından biri olan Quba-Xaçmaz zonasında digər rayonlardan fərqli olaraq endirimlər olacaq. Qış ayları olduğundan turizm obyektlərinin bir qismi işləyəcək və bunlar da əsasən, iri obyektlər olacaq. Xaçmaz rayon mədəniyyət və turizm şöbəsinin rəisi Nazim Ağayevin verdiyi məlumata görə, bayram ərəfəsində qiymətlərdə 30 faiz endirimlər olacaq. Mədəniyyət və Turizm Nazirliyi yerlərdəki turizm obyektlərinə müştəri cəlbini artırmaq üçün qiymətləri aşağı salmağı tövsiyə edib. O, bu qiymətlərə xüsusi nəzarət edəcəklərini də bildirib.

AZTA sədri deyir ki, ötən illərdə olduğu kimi bu il də Azərbaycan vətəndaşları Yeni ili daha çox Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və Avropa, daha sonra isə Asiya ölkələrində qeyd etməyə meyllidirlər. Amma Nahid Bağırovun fikrincə, yalnız Yeni ili keçirmək üçün xarici ölkəyə getmək düzgün deyil. Onun sözlərinə görə, xarici ölkəyə gedən vətəndaşlarımız da Yeni ili eyni proqramla, ən əsası münasib və sərfəli qiymətə Bakıda fəaliyyət göstərən 5 ulduzlu otellərdə keçirə bilərlər. Bakıda Yeni il ərəfəsində dincəlmək sakinlərimizə elə də ucuz başa gəlməyəcək. Belə ki, paytaxtımızın 5 ulduzlu otellərində bir otağın sutkalıq qiyməti 300-400 AZN, 4 ulduzlu otellərində qiymətlər isə 150-200 manat arasında dəyişir.

Araşdırma nəticəsində, həmçinin müəyyənləşdirdik ki, Türk Hava Yolları xətti ilə azərbaycanlılara İstanbula 5 günlük bayram səyahətini otelin ulduzundan asılı olaraq 600-744 AZN-ə, Uludağa 6 gecə - 7 gün 790-915 AZN-ə təklif edilir. Taylanda 10 gecə - 11 günlük səyahət 1050-1770 AZN arasındadır. Yeni İli dünyanın ən gözəl şəhərlərindən biri Parisdə qeyd etməklə yanaşı, 1 həftə gəzinti 1005 manatdır. Bu məbləğə təyyarə bileti və digər xərclər daxildir. Yeni ili İtaliyada keçirmək, hələ üstəlik 1 həftə Milanı gəzmək istəyənlər 1600 manat ödəməklə bu arzularını həyata keçirə bilərlər. Lissabona 1300 manat, Praqa üçün 1178 manat  ödəməklə 1 həftəlik səyahətinizi reallaşdıra bilərsiz.

Turizm şirkətləri ilə apardığımız söhbətdə isə Yeni İl bayramı ilə əlaqədar təyyarə biletlərinin qiymətlərində noyabr ayında 30% artımın müşahidə olunduğunu öyrəndik. Qiymətin dekabrın sonuna yaxın daha da qalxacağı gözlənilir. Türkiyə Hava Yolları qiymətləri 2 dəfə qaldıraraq 500-600 manata çatdırıb. Azərbaycan hava yolları ilə  Moskvaya biletlərin bu günə olan qiymətləri 395-405 AZN-dir. Bu il bayram günlərində 230 manata Qəbələ aeroportundan istifadə etməklə Moskvaya gediş-gəliş mümkündür.

Azərbaycanlıların son illər qış aylarında ən çox səfər etdiyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə də təyyarə biletlərinin qiymətlərində 50 % artım müşahidə olunur. Adi günlərdə 250 manata olan biletlər, bayram günlərində BƏƏ-nin hava yolları ilə 390-420 manat, AZAL-ın reysi ilə 520 manata qalxıb.

Ötən il AZAL-ın bayram günlərində etdiyi endirim kampaniyalar nəticəsində gediş-gəlişdə bir qədər endirim müşahidə olunmuşdu. Yarıbayarı ucuz qiymətlərdən Moskvanı görməyi xəyal edə bilməyənlər belə yararlanmışdı. AZAL-ın xidmət rəisiMəhərrəm Səfərli bu bayram günlərində biletlərin qiymətlərində endirimlərin gözlənilmədiyini bildirdi.

Yeni ili harada keçirmək qərarı sizin öhdənizə düşür. Harada, necə istirahət edəcəyinizə özünüz qərar verin. Təbii ki, cibinizə görə seçim etməyiniz məsləhətdir. 

Нет комментариев

Добавить комментарий