EN SON XEBERLER

Uşağın gələcəyini quran oyuncaqlar: nə səhvdir?

Çox zaman valideynlər uşaqlarına oyuncaq alarkən həmin oyuncağın uşağa hansı təsiri edəcəyi barədə düşünmürlər. Amma valideynlərin seçim zamanı diqqət yetirmədiyi oyuncaqlar uşağın inkişafında böyük bir əhəmiyyət daşıyır. Oyuncaqlar uşaqlara gələcəkdə ixtisas seçimi barəsində də yardımçı olur. Bir sözlə, oyuncaqlar uşaqların həyatında əhəmiyyətli rol oynayır. Elə bu səbəbdən uşaqlara oyuncaq alarkən çox diqqətli olmaq lazımdır. Onların şəxsiyyətinin formalaşmasında, bacarıqlarının meydana gəlməsində önəm daşıyan oyuncaqlar uşaqları həyata hazırlayır. Uşaqlar oyun oynayarkən son dərəcə təbii və maskasızdırlar. Bu səbəbdən uşaq haqqında bütün məlumatı onlar oyun oynayarkən izləməklə almaq mümkündür.

Uşaq psixoloqu Aynurə Əlibəylinin sözlərinə görə, doğru seçilən oyuncaq, uşaqların psixoloji inkişafı qədər, mədəni inkişafına, hətta irəlidə peşə seçiminə də fayda verir. "Oyuncaqlara olan maraq uşağın içindən gəlir və onu başqa oyuncaqlara yönləndirmək mümkün deyil. Əhəmiyyətli olan uşağın kiçik ikən maraqlarını kəşf etmək və uşağı bu istiqamətdə yönləndirməkdir. Bu səbəbdən yaş qrupuna görə, uşağa oyuncaq aldıqdan sonra onun oyuncaqla oynamasını müşahidə etmək lazımdır. Xəyal qəhrəmanları, tapança, tüfəng kimi oyuncaqlar uşaqların ruhi inkişafına mənfi təzyiq göstərir. Bu tip oyuncaqlar, uşaqları zorakılığa, şiddətə meylli hala gətirə bilər".

Psixoloq bildirir ki, 5 yaşına qədər uşaqlarda mücərrəd və konkretlik anlayışı inkişaf etmədiyindən, onlar gerçək həyatla xəyal dünyasını qarışdırırlar. Bu səbəbdən də, ailələrin bu mövzuda diqqətli olması və uşaqları nə qədər istəsələr belə, bu oyuncaqlardan uzaq tutması lazımdır.

Müsahibimizin dediyinə görə, 2-3 yaşlarında olan uşaqlar təxəyyülə söykənən oyunlar oynayırlar. Bu yaşda olan uşaqlara plastilin, qum, su, qəzet kağızı, taxta, ya da plastik çəkic, iti olmayan qayçı, boyalar, kağızlar, heyvanları tanımaq üçün oyunlar, boyama kitabları almaq lazımdır. 3 yaşından sonra uşaqlarınıza aldığınız oyuncaqlar isə onların özünü ifadə etməsinə yardımçı olmalıdır. "Məsələn, üçtəkərli velosiped uşaqların ən çox sevdiyi oyuncaqlardan biridir. Uşaqlar velosipedlə qıçlarını, əl və ayaqlarıyla birlikdə istifadə etməni öyrənirlər və istiqamət duyğuları meydana gəlir. Bu yaşda uşaqların oyun parklarına aparılması onların ictimailəşməsinə yardım göstərir".

Uşaqların, demək olar ki, hamısında həkim qorxusu olduğunu deyən Əlibəyliyə görə, onlarda bu qorxunu aradan qaldırmaq üçün uşaqlara oyuncaq "həkim dəsti" almaq lazımdır. Bu dəstlə oynayan uşaq zamanla həkimə qarşı olan qorxunu yenə bilər.

Oyuncaqların hazırlandığı detallar da böyük əhəmiyyət daşıyır. Kiçik parçalardan meydana gələn oyuncaqlar təhlükəlidir. "Uşaqlar onlara hələ nəyin zərərli olub-olmadığını bilmədikləri üçün kiçik parçaları ağızlarına alırlar. Bu zaman ya parçalar udula, ya da uşağın boğulmasına səbəb ola bilər. Eyni zamanda iti küncləri, ya da iti ucları olan oyuncaqlar uşaqların yaralanmasına yol aça bilər. Sağlamlığa zərər verməyən boya və maddələrdən hazırlanmış oyuncaqlara üstünlük vermək lazımdır".

Oyuncaq eyni zamanda uşaq üçün təhsil vasitəsidir. Uşaqlar həyatı tanıma yolunda bütün təcrübələrini oyun və oyuncaqlar üzərində həyata keçirirlər. Uşaq doğru oyuncaqlarla rəng, ölçü, şəkil anlayışlarını öyrənir. Hər yaş və cinsiyyətdəki uşaq doğru oyuncaqlarla oynadığı zaman bu, onun gələcək həyatında böyük rol oynayır.

A.Əlibəyli deyir ki, oyuncaqlar 5 qrupa bölünür. Birinci qrup oyuncaqlar uşaqların ətrafını tanımasına və öz təcrübələrini meydana gətirməsini təmin edir. Bu oyuncaqlar qum, torpaq, gil, palçıq, su və boyalardan ibarətdir. Belə oyuncaqlara uşaq özü forma verdiyi üçün uşaq təxəyyülü ortaya çıxır. İkinci qrup oyuncaqlar uşağın yaradıcı qabiliyyətini üzə çıxarır. Bura boyalar, tabaşir və plastilin daxildir. Üçüncü qrup oyuncaqlar isə uşaqların xəyal dünyasına xitab edən heyvan və digər fiqurlardan ibarətdir. Bu oyuncaqlar uşaqlara öz xəyal dünyasını qurmağa yardım edir. Dördüncü qrup oyuncaqlar uşaqların yetkin kimi davranmasına yardım edən ev əşyalarıdır. Bura mətbəx alətləri, təmir vəsaitləri, rəngləmə fırçaları daxildir. Beşinci qrup oyuncaqlar isə uşaqların fiziki inkişafına yardım edən oyuncaqlardır. Bura velosiped, gimnastika alətləri daxildir.

Mütəxəssislərə görə, oyunlar və oyuncaqlar yaş və cinsiyyətə görə fərqlilik təşkil edir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qız uşaqları ən çox gəlinciklər və kiçik mətbəx əşyaları ilə, oğlanlar isə avtomobillər, təmir alətləri və idman vasitələri ilə oynayırlar.

Uşaq onun üçün oyuncağa nə qədər pul xərcləndiyinin fərqində deyil. Onun öz maraqları və xəyal dünyası var. Bu səbəbdən oyuncaq alarkən qiymətinə deyil, keyfiyyətinə və uşağın inkişafına nə qədər təsir edə biləcəyinə diqqət yetirmək önəmlidir.

Нет комментариев

Добавить комментарий