EN SON XEBERLER

Uşaqlarda qida allergiyası

Uşaq orqanizmi həssas olduğu üçün onun qidalanmasına xüsusi diqqət yetirilməlidir. Ona verilən qidaların hansının zərərli və ya xeyirli olması mütəxəssis rəyilə müəyyənləşdirilməlidir. Çünki uşağa necə gəldi qidaların verilməsi onlarda qida allergiyasının yaranmasına səbəb olar.

Allergiyaya səbəb olan qidalar

Həkim-pediatr Nigar Cəfərova deyir ki, qida allergiyasına körpəlik, uşaqlıq dövründən və hətta ana bətnində də təsadüf oluna bilər. Uşaqlarda qida allergiyası bəzən illər keçdikcə azalır. Bəzən də bir ömür boyu davam edir. Ana və atadan birinin ya da ikisinin də allergik bədən quruluşuna sahib olması uşaqda allergiyanın inkişaf riskini artırır. Hər hansı bir qida da allergiya yarada bilər. Ancaq allergiyaya ən tez səbəb olan qidalar yumurta, yer fındığı, qoz, qarğıdalı, banan, çiyələk, ətdir. Bəzən inək südü də allergiyaya yol açır:

“İnək südünün tərkibində ən azı 25 antigen var. Bu antigenlərdən - alfa laktoglobulin, kazein, mal qamma-qlobulin, mal albumin, və beta laktoqlobulin allergiyanın yaranmasına səbəb olur. Körpə böyüdükcə və masadakı yeməkləri yeməyə başlayınca digər qida allergiyaları də ortaya çıxır. Son zamanlar uşaqlar arasında yer fındığı allergiyasına da təsadüf olunur. Yer fındığı zülalı ana südünə keçdiyi üçün körpəni hassaslaşdırır və allergiya riskini artırır. Qabıqlı və yağlı çərəzlər - fındıq, fıstıq, badam, şabalıd, qoz da uşaqlarda allergiya yaradır. Onları hətta qoxlayanda allergik reaksiya meydana gəlir. Yer fındığı allergiyası həyatın erkən dövrlərində özünü göstərir və çox fərddə bəzən həyat boyu davam edir.

Yumurta da uşaqlarda allergiyaya yol açan qidalardandır. Yumurta ağına qarşı allergiya, sarısına nisbətdə daha çox olur. Yumurta allergiyasına xüsusilə uşaqlarda daha çox rast gəlinir. Yumurta allergiyası yumurtanı qəbul etdikdən bir neçə dəqiqə və ya saatlar sonra ortaya çıxır. Bu səbəbdən də yumurta ağı uşaqlara bir yaşından əvvəl verilməməlidir. Başlanıldığı təqdirdə isə miqdarı yavaş - yavaş artırılmalıdır. Allergiya əlamətləri ortaya çıxdığında yumurtaya ən azı altı ay ara verilməlidir”.

Meyvələrin allergik təsiri

Pediatrın sözlərinə görə, uşaqlar arasında toyuq və mal ətindən hazırlanan qidalara qarşı da allergiya müşahidə olunur. Ancaq quzu ətinə qarşı allergik reaksiyaya nisbətən az təsadüf edilir: “Uşaqlar arasında meyvə-tərəvəz allergiyası da geniş yayılıb. Uşaqların bir qismi alma, armud, çiyələk, qovun, qarpız, albalı, vişnə yedikdən sonra onlarda allergiyanın əlamətləri görünməyə başlayır. Allergiyaya ən çox səbəb olan meyvələr isə ərik və şaftalıdır. Bəzən sitrus meyvələri də allergiyaya səbəb olur. Meyvələrdə olduğu kimi tərəvəzlərdə də qrup reaksiyaları müşahidə edilə bilər. Balqabaq və pomidor kimi tərəvəzlər uşaqlarda allergiya yaradır. Kartof və ya kök kimi tərəvəzlərin qabığına qarşı da bir həssaslıq ola bilər. Ancaq onlar bişmiş şəkildə yeyildikdə heç bir allergiya əlamətləri ortaya çıxmır”.

Dəqiqələr sonra reaksiya

Həkim-pediatr vurğulayıb ki, allergiya əlamətləri qidanı qəbul etdikdən 10-15 dəqiqə, bəzən isə 2 saat sonra özünü göstərir. Xəstədə qusma, qarın ağrısı, qaz, qarında, dil və damaqda şişkinlik, boğazda qaşıntı, yanma kimi əlamətlər ortaya çıxır. Üzdə və bədənin müxtəlif nahiyyələrində qızartı və səpkilər əmələ gəlir. Erkən yaşlı uşaqlarda prosses kəskin və generalizə olunmuş şəkildə müşahidə edilir. Bu zaman diareya, qusma, qarında güclü ağrı olur. Böyük yaşlı uşaqlarda prosses yarım kəskin və xroniki gedişlidır. Ən çox rast gəlinən əlamət müxtəlif lokalizasiyaya malik ağrı sindromudur. Ağrı xüsusilə göbək nahiyyəsində müşahidə edilir.

Diaqnoz üçün edilən testlər

N.Cəfərovanın dediyinə görə, qida allergiyasının diaqnozu analiz əsasında qoyulur. Allergiyanı başqa növ qida keçilməzliyindən fərqləndirmək üçün şübhəli qidanın növü, bu qidaya keçmişdə olan reaksiya nəzərə alınmalıdır. Həmçinin qida qəbulu ilə reaksiyanın əmələ gəlməsi arasındakı müddət də mütləq nəzərdən keçirilməlidir. Tam bir diaqnoz üçün edilən testlər arasında qida qeydi tutmaq çox əhəmiyyətlidir: “Bir yemək gündəliyinə uşağa verilən bütün yeməkləri, dərmanları yazmaq lazımdır. Diaqnoz üçün dəri testləri və qanda şübhəli qidalara qarşı anticisim analizi çox kömək edir“.

Əsas müalicə, pəhriz

Həkim qeyd edib ki, qida allergiyasının əsas müalicə üsullarından biri dietoterapiyadır. Əgər uşaq ana südü ilə qidalanırsa, bu zaman ana allergiya yaradan qidalardan istifadə etməməlidir. Əgər uşaq süni qidalanmadadırsa və inək südünə qarşı allergiyası varsa, bu zaman xüsusi smestlərdən istifadə olunur. Əgər 1-2 il ərzində dieta gözlənilərsə, qanda İgE antitelləri saxlanılarsa da allergik qidaya qarşı həssaslıq itir. Bu tədbirlərlə yanaşı, uşağın gündəlik mineral maddələrə, kalsiuma, mikroelementlərə vitamin A, B6, B5, E-ə olan ehtiyacı da ödənilməlidir. Qida allergiyası zamanı mədə-bağırsaq sekresiyasının azaldığını nəzərə alaraq ferment preparatları geniş tətbiq edilir.

Ananın məsuliyyəti

Pediatrın sözlərinə əsasən, körpə ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalıdır. Ana da qidasına xüsusi olaraq fikir verməlidir. Allergiya yaradacaq qidalardan uzaq durmalıdır. Bu yolla uşağı qida allergiyasından qorumaq olar: “6 ayından sonra uşağa allergiya yaratmayan meyvələrin şirəsini vermək məsləhətdir. Ət və zülal qaynaqlı qidalar isə 8 ayından sonra verilməlidir. Əgər allergiya əlamətləri yaratmırsa, 1 yaş sonrasında uşağa yumurta, balıq verilməlidir. Uşaqların bir çoxu inək südünə qarşı allergik reaksiya göstərir. Bunu nəzərə alıb uşağa pendir, qatıq, kərə yağı, dondurma verilməməlidir. Əgər uşaqda qida qəbulundan sonra müəyyən simptomlar meydana gəlirsə, o zaman ona həmin qidaları vermək olmaz.

Hansı yeməyin allergiyaya səbəb olduğunu təsbit etmək üçün bir neçə həftəlik gündəlik tutmaq məsləhətdir. Gündəliyə uşağın səhərdən axşama qədər nələr qəbul etdiyi yazılmalıdır. Eyni zamanda qəbul etdiyi həmin qidalara qarşı reaksiyası da düzgün qeyd olunmalıdır. Bu yolla uşağın hansı qidaya qarşı allergiyasının olduğunu müəyyən etmək mümkündür”.

Нет комментариев

Добавить комментарий