EN SON XEBERLER

Paxıllıq həyatı necə zəhərləyir?

Mənfi emosiya olan paxıllıq insanı məhv edir. İlkin əlamətləri ünsiyyətdən sonra əhvalın pisləşməsi, qəzəbin, hətta depressiyanın yaranmasıdır. Paxıl insan özünü baxışları və davranışı ilə büruzə verir.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, paxıllıq insanın sağlamlığına ciddi zərər yetirir. Belə ki, paxıllıq əsəb gərginliyinə səbəb olur, arterial təzyiqi qaldırır, həzm sisteminə və bir çox orqanların fəaliyyətinə mənfi təsir göstərir. Bu hiss nəinki bədənə, insanın psixologiyasına da təsirsiz ötüşmür. Paxıllıq keçirən zaman insan özünü bədbəxt hiss edir. İnsan fikirləşməyə başlayır ki, həyatında hər şey pisdir. Paxıllıq zamanı adətən insan düşünür ki, "niyə başqalarında var, məndə yoxdur?", "niyə mənim pulum ondan azdır?", "niyə o məndən gözəldir?" və s. və i. Nəticədə həyata pessimist baxış formalaşır. İnsan artıq fikirləşməyə başlayır ki, yoxdur və heç vaxt da olmayacaq.

Həmsöhbətimizə görə, kiminsə malik olduğu maddi və mənəvi dəyərlərə paxıllıq insanları irəli aparmaq əvəzinə geriyə aparır. "Paxıl insanlar digərlərinin uğurlarını, həyatlarını izləyərək öz enerjisini tükədir".

A.Qurbanova bildirib ki, paxıllıq yalnız mənfi emosiyalar yaratmaqla kifayətlənmir. "Paxıl adam pis niyyətlərini həyata keçirməyə də başlaya bilər. Belə adam paxıllıq etdiyi adamın dalınca danışmağa, ona müxətlif pisliklər etməyə başlayır. Bəzən paxıllar paxıllıq obyektinə fiziki güc də tətbiq edirlər. Paxıllıq isə müxtəlif şeylərə görə ola bilər. Misal üçün, kiminsə maaşının və ya vəzifəsinin qaldırılması da paxıllığın yaranmasına səbəb ola bilər. Paxıl adam bunu qısqanclıqla qarşılayır və düşünür ki, bu, ədalətsizlikdir. Bütün bunları onun üçün etməli idilər" deyən psixolq bildirib ki, paxıllıq edən tərəf paxıllıq etdiyi insana obyektiv baxa bilmir. Nəticədə həmin insana nifrət etməyə başlayır.

Qurbanovanın dediyinə görə, bəzən qəribə paxıllıq hissləri də olur ki, onun nədən qaynaqlandığını müəyyənləşdirmək çətindir. "Belə paxıllıq hissi insanı normal yaşamağa qoymur. Bu hissi insan idarə edə bilmir. Paxıllığın nəyə görə yarandığını da insan başa düşmür. Paxıllıq edərək insan başa düşür ki, hansısa xüsusiyyətinə görə digərlərindən pisdir, lakin çalışsa, onlardan daha yaxşı ola bilər. Amma nə etsə də, paxıllıq hissindən qurtula bilmir. Paxıllıq hissi rahat yaşamağa imkan vermir. Bu zaman insan digərlərinin önəmli olmayan xüsusiyyətlərinə görə də paxıllıq edir, özündə heç bir müsbət cəhət görmür. Həyatında hər şeyin yalnız pis olduğunu və olacağını düşünür. Bu paxıllıq hissi hədər yerə olur və sadəcə insanın özünü sevməməsindən xəbər verir. Əgər insan bununla mübarizə aparmasa bu hiss tədricən daha da güclənə bilər".

Onun sözlərinə görə, paxıllığın ən pis mərhələsində paxıllıq insanın özünə və ətrafdakılara mane olur. Çox vaxt paxıl adamlar ətrafdakılara tələ qurmağa başlayır. Onda tədricən digər, ondan daha yaxşı olan insanlara qarşı nifrət hissi formalaşır. Hər cür pisliklər etməyə çalışır. Bununla da o, öz həyatını da məhv edir. "Belə ki, paxıl adam öz həyatını qurmaq, özünü mükəmməlləşdirmək əvəzinə başqalarının həyatlarına müdaxilə edir. Bu səbəbdən də paxıllıqla mütləq mübarizə aparmaq lazımdır".

Psixoloq bildirib ki, paxıllığa son qoymaq üçün insan öz mənfi cəhətləri, başına gəldikləri ilə barışmalıdır. "Bununla yanaşı həyatında və xasiyyətində müsbət tərəfləri də görməyi bacarmalıdır. Bunları etdikcə tədricən ətrafdakılara qarşı olan fikirləri dəyişəcək. Paxıllıq etməmək üçün həyatda ən kiçik uğurlara görə də sevinməyi öyrənmək lazımdır. İnsanlarla mehriban olmaq da paxıllıq hissinin keçməsinə kömək edir. Əgər kimsə, nəyisə səndən yaxşı edirsə, bu o demək deyil ki, o səndən pisdir. Çalış, həmin adamla dostluq münasibəti qur. Bu paxıllıq hissini nisbətən azaldacaq".

Çox vaxt paxıllığın əslində insanın özünə qarşı hiss etdiyi qəzəb olduğunu deyən A.Qurbanova bildirib ki, bəzən paxıllıq hissi insana nəyəsə nail olmağa kömək edir. "İnsan paxıllıq etdiyi adama baxıb ona pislik etmək əvəzinə özü də çalışmağa başlasa, nəyəsə nail ola bilər. Həm də insan özünün üzərində işləməlidir. İnsanın bilikləri və təcrübəsi bir yerdə qalmamalı, daim inkişaf etməlidir. Bu halda fikirləşmək, paxıllıq etmək üçün vaxt qalmayacaq".

Нет комментариев

Добавить комментарий