EN SON XEBERLER

Paytaxtda qarğalar niyə çoxalıb?

“Media forum” saytı bu sualı biologiya elmləri doktoru, professor Qara Mustafayevə verib. 

Qara Mustafayev bildirib ki, qarğaların belə artımı qeyri-adi təbiət hadisəsi deyil: “Hər il belə olur. Qonşu Rusiyada qarlı qış elə payız aylarından başlanır. Yem tapa bilməyən qarğalar Rusiyadan cənuba köçür. Qarğaların həyat tərzi belədir. Bu, qışda hava şəraitindən asılı olan xırda yerdəyişmə hesab edilir”.

Qarğaların artması ekoloji fəsadlar doğura bilərmi? Qara Mustafayevin sözlərinə görə, bir ağaca və ya kiçik çəmənliyə xeyli qarğa qonursa, quruma təhlükəsi yaranır: “Bunun qarşısını almağın ən yaxşı üsulu qarğaları ürkütməkdir. Məsələn, atəş səsini diskə yazıb səsgücləndirici ilə versən, qarğalar ürküb uzaqlaşır”.

Professor qeyd edib ki, qarğalar Bakıda hündür binaların damlarında gecələyib səhər tezdən yem axtarmağa çıxır: “Azərbaycanda qarğaların altı-yeddi növü var. Yaşam tərzinə görə qarğa yırtıcı hesab olunmur. Bircə boz qarğa bəzən yırtıcılıq edir, başqa quşların yuvasına girib balasını və yumurtasını götürür.

Qarğalar nəsil artırmaq üçün müəyyən yerlərdə yuva tikir. Dağ qarğaları var ki, sıldırım qayalarda yuva qurur. Əksəriyyəti meşə zolağında, bağda, parkda, hündür ağaclarda yuva qurur. Dolaşa qarğa növü isə yeraltı dəliklərdə, örtülü yerlərdə yuva tikir. Hər növün özünəməxsus nəsil artırma qaydası var”.

Нет комментариев

Добавить комментарий