EN SON XEBERLER

Solaxaylıq xəstəlikdir?

Sol əllə yazan insan gördükdə işlətdiyimiz ilk cümlə "o adam solaxaydır" olur. Hamı kimi adi insanlar olan bu solaxaylar bəzən mühitin diqqətini toplamağı da bacarır. Çoxumuz sol əllə iş görə bilmədiyimiz halda, onlar sol əllə sürətlə yazır, yemək yeyir və ümumilikdə sol əlsiz heç bir iş görə bilmirlər. Uşaqlıqdan yaranan bu vərdiş isə davam etdiyi halda insanı əsla tərk etmir.

Solaxay Leyla Məmmədovanın dediyinə görə, bundan əziyyət çəkmir: "Solaxay yazı yazmağa başlamağı xatırlamıram, amma yadımdadır ki, anam sol əlimi yumruq kimi edib üstündən yaylıqla bağlayırdı. Mən isə sağ əllə hərəkət etməyə məcbur olurdum. Bu zaman isə, tutaq ki, yediyim yemək üstümə tökülür, xəttim normal olmurdu. Sonra anamın mənə yazığı gəldi və sol əlimi istifadə etməyimə icazə verdi. Buna o qədər öyrəşmişəm ki, indi mən sağ əllə yazanlara təəccüblə baxıram. Məktəb vaxtı mənə "sol əllə yazmaq ürəyinə güc salır" deyirdilər. Əvvəl bundan narahat olurdum, amma sonra onu deyən uşaqlarında sol əllə yazmaq istədiklərini görəndə rahatlaşdım".

Statistikaya görə, əhalinin 8 faizi solaxay, 42 faizi sağvərdişlidir. Qalan 50 faizi isə xüsusi qrup-qatışıq tipdir. Onlar sağvərdişli solaxaylar və ya əksinə soləlli sağvərdişlilərdir.

Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, solaxaylıq əvvəlki illərdə heç də xoşagələn bir hal kimi qarşılanmayıb: "Solaxaylıq əslində böyük problem deyil. İndi buna təbii baxırlar. Əvvəllər isə analar uşağın solaxay olmaması üçün əllərindən gələni edirdilər. İndi isə sol əllə hərəkət ən az sağ əl qədər normaldır".

Statistik məlumata görə, dünyada 500 milyon nəfər solaxay yaşayır. Bu halda olan təkcə insanlar deyil, eləcə də heyvanlardır. Qütb ayılarının demək olar ki, hamısı sol pəncəli doğulur. Solaxaylıq Yaponiya üçün isə tam bir fəlakətdir. Ər və arvad hər ikisi solaxay olarsa, o ailə qətiyyən birlikdə yaşaya bilməz və boşanmalıdırlar.

Psixoloq bildirir ki, solaxaylıq insan üçün qüsur sayılmamalıdır: "Bu, insan qüsuru deyil. Beyin quruluşundan asılı olaraq irsən keçən psixi xəstəlikdir. Bu zaman sağ əl beynin sol yarımkürəsini, sol isə sağı idarə edir. Əslində solaxaylar sağla işləyən insanlara nisbətən informasiyanı daha effektli mənimsəyir. Bunun səbəbi isə istənilən informasiyanı sağ yarımkürənin daha tez qəbul etməsidir. Bəzən gənc analar bunu qəbul etmək istəmir və müxtəlif yollarla uşağı solaxaylıqdan çəkindirməyə çalışırlar. Lakin bu, uşaq üçün sarsıntıya səbəb olur. Nevroz, diqqətsizlik, yaddaş zəifliyi kimi narahatlıqlardan əziyyət çəkən uşaqların böyük bir qismi məhz valideynləri tərəfindən solaxaylıqdan məcburi sağ ələ keçirilməsidir" deyən həmsöhbətimiz bunu düzgün saymayır. Onun sözlərinə görə, uşağı sərbəst buraxmaq lazımdır: "Vacib olan o deyil ki, uşaq hansı əli ilə hərəkət edir, vacib olan odur ki, hərəkət etmək istəyir və bunu çox yaxşı bacarır".

1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəm ağıllılar kimi göstərilir. Lakin tarixə nəzər saldıqda bir çox rəssamlar, şəxsiyyətlər, aktyorlar, ixtiraçılarda solaxay olublar.

F.Zeynalovanın sözlərinə görə, solaxay insanlar kəmağıl deyil, əksinə diqqətcil və olduca həssas olurlar: "Solaxaylar xüsusi istedada malik insanlardır. Nəzərinizə çatdırım ki, solaxaylar arasında istedadlı insanlar 24%, sağ əllə hərəkət edənlərdə isə 7%-dir. Arada bu qədər böyük fərq onların normaldan daha istedadlı olduğunun göstəricisidir. Solaxaylar daha hissiyyatlı olur, onlar geniş fantaziyalara malik olurlar. Elə insanlar var ki, onlar solaxaylığı kompleks olaraq qəbul edir. Bu da ola bilər ki, hələ də solaxay insanların azlığından olsun, amma gənclərdə müşahidə etdiyimiz odur ki, onlar sağ əl vərdişi ola-ola solaxaylığa meyl edirlər".

Solaxaylar məişətdə digərlərindən fərqli olaraq, daha tez-tez narahatlıqlarla üzləşirlər. Solaxay sağ əllə işləməyi öyrənə bilər, amma dərhal reaksiya göstərmək lazım gəldikdə o, bilmədən solla hərəkət edəcək. Son yüz ildə Böyük Britaniyada solaxayların sayı dörd dəfə artıb. Bunun səbəbini qadınların daha yaşlı vaxtlarında ana olmaları ilə əlaqələndirirlər. Statistikaya görə, onların uşaqlarının solaxay olmaq şansı daha çoxdur. London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahələrində əsl dahilərin yaranmasına gətirə bilər.

Нет комментариев

Добавить комментарий