EN SON XEBERLER

Azərbaycanda avtomobil etibarnamələri nə vaxt ləğv ediləcək?

Dünyanın bir sıra ölkələrində avtomobil etibarnamələri ləğv olunub. Milli.Az-ın məlumatına görə, həmin ölkələrdə sürücülərə avtomobil sahibi tərəfindən etibarnamə olmadan idarə etmək hüququ verilir.

Yaxın günlərdə, daha dəqiqi noyabrın 24-də Rusiya ərazisində avtomobil idarə etmək üçün artıq etibarnamə tələb olunmayacaq. Hökumətin qərarına əsasən, bundan sonra, sürücülərin etibarnamələri üzərlərində gəzdirməyə ehtiyac olmayacaq. Azərbaycanda da belə bir qaydanın tətbiqi gözlənilirmi?
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, qanunvericilikdə belə dəyişiklik olacağı halda bu qayda tətbiq oluna bilər.

Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Notariat idarəsinin rəisi Mehman Soltanov Milli.Az-a açıqlamasında bildirdi ki, avtomobillərin etibarnamə verilmədən başqası tərəfindən idarə edilməsi qanunvericiliyə ziddir.
İdarə rəisinin sözlərinə görə, avtomobillərin etibarnamə olmadan idarə edilməsi üçün Dövlət Yol Polisi İdarəsində bütün avtomobillər barədə məlumatların cəmləşdiyi mərkəzləşdirilmiş informasiya bazası yaradılmalı və yollarda hərəkətə nəzarət edən yol-patrul xidməti əməkdaşlarının bu baza ilə birbaşa əlaqəsi olmalıdır ki, onlar yol-patrul maşınından bazaya daxil olmaqla saxlanılmış avtomobil barəsində ətraflı məlumat ala bilsinlər.
M.Soltanov qeyd etdi ki, bu sistem tam formalaşdıqdan sonra Azərbaycanda da etibarnaməyə ehtiyac olmaya bilər: “Xarici ölkələrdə mülkiyyətçi etibarnamə rəsmiləşdirmədən özünə məxsus olan avtomobili qeydiyyat sənədini təqdim etməklə sürücülük hüququ olan istənilən şəxsin istifadəsinə verə bilər. Bu təcrübənin ölkəmizdə tətbiq edilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməli, dövlət yol polisi müfəttişi mərkəzləşdirilmiş informasiya bazasına daxil olmaqla avtomobilə və onun sahibinə aid olan bütün məlumatları əldə etmək, eləcə də qeydiyyat sənədinin və sürücülük vəsiqəsinin saxtalaşdırılması hallarını xüsusi avadanlıq vasitəsi ilə aşkar etmək imkanlarına malik olmalıdır. Lakin bu sistem hələ mükəmməl olmadığından hazırda etibarnamə olmadan sükan arxasında başqa şəxsin avtomobil sahibinin iradəsi ilə əyləşdiyini sübut etmək mümkün deyil”.
İdarə rəisi tam formalaşmış baza olmadan bu sistemə keçidin hansı ağır nəticələr verə biləcəyinə də toxunub: “Rusiya və Gürcüstanda bu sistem qurulmadan avtomobilin etibarnaməsiz idarə edilməsinə icazə verildi və bunun böyük fəsadları oldu. Külli miqdarda maşın qaçırıldı. Polis isə sürücülük vəsiqəsi və qeydiyyat sənədi əsasında yoxlayarkən həmin avtomobilin qaçırılmış olmasını müəyyən edə bilmirdi. Çünki əksər avtomobil sahibləri sənədləri avtomobildə saxlayırlar. Onu qaçıran şəxs də həmin sənədi göstərməklə məsuliyyətdən yayına bilirdi. Bu səbəbdən qeyd olunan ölkələr yenidən köhnə qaydaya qayıtmaq məcburiyyətində qaldılar”.

Нет комментариев

Добавить комментарий