EN SON XEBERLER

Azərbaycanda "Qiyamət günü"nə necə hazırlaşırlar?

“21 dekabr” - son vaxtlar bu tarix barədə çox danışılır. Mayya təqvimində guya 2012-ci ilin 21 dekabrında bir neçə sutka ərzində Yer kürəsinin qaranlığa qərq olacağı ilə bağlı məlumatlar verilib. Bu tarixdə dünyanın sonu olacağı barədə “proqnoz” verənlər də az deyil.
Cəmiyyətimizdə də bu fikirlər bir çox insanları narahat edir. Hətta həmin günə öz tədarükünü görənlər var. Elə bu səbəbdən paytaxtın bazar və dükanlarında bəzi məhsullara tələbat çoxalıb. Apardığımız müşahidələr deməyə əsas verir ki, dükanlarda əsasən şam, kibrit, enerji daşıyıcıları, müəyyən qida məhsulları azalıb. Elə satıcıların özləri də bunu gizlətmirlər.

Biləcəridə yerləşən dükanlardan birinin satıcısı Elşad Məmmədov deyir ki, son bir ay ərzində şamlar, enerji daşıyıcıları, konservləşdirilmiş ətlər, suxarilər daha çox alınır. Bu məhsullar dükana gətirildikdən 2-3 saat sonra qurtarır. Hətta əvvəlcədən bunları Elşada sifariş etdirənlər də olur. Satıcı deyir ki, 21 dekabrdan sonra dünyada qaranlığın olması ilə əlaqədar yayılmış fikirlərə görə, onun bazarı da güclənib. Hətta bundan istifadə edən bəzi topdan-satış mərkəzləri də var ki, satdıqları malların qiymətini cüzi də qaldırıblar.

Alıcılar isə “21 dekabr” məsələsinə çox inanmasalar da, hər ehtimala qarşı lazımi tədbirlər gördüklərini deyirlər. Alıcı Mais Abbasovun sözlərinə görə, anası dünyanın zülmətə qərq olacağı xəbərindən sonra böyük stress yaşayır. O, anasını rahatlaşdırmaq üçün evə 25 qutu şam aldığını deyir. Mais hər ehtimala qarşı kiçik həcmli generator da alıb ki, birdən lazım olar. Bu xəbər telefon dükanlarına da sərf edib. Satıcılar deyirlər ki, tələbat telefondan çox onun batareyasınadır. Bir gündə 10-a yaxın müxtəlif telefon batareyası satılır.

Ekspertlər isə məsələyə başqa prizmadan yanaşırlar. Onlar belə xəbərlərin yayılmasının məqsədini birbaşa iqtisadi maraqlarda görürlər. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev Anspress-ə açıqlamasında deyib ki, belə məlumatlar, ümumiyyətlə, cəmiyyətdə çaxnaşma yaradır. Onun sözlərinə görə, bəzi dələduzlar insanların savadsızlığından, tez aldanmasından istifadə edərək özlərinə müəyyən qazanc mənbəyi seçirlər: “Dünyada müəyyən güc sahibləri var ki, onlar bəzi informasiyalar yayırlar. Necə ki, bir vaxtlar “Quş qiripi” və s. kimi qorxu yayılmışdısa, indi də “21 dekabr” xofu yaranıb”.

Psixoloqlar isə belə absurd fikirlərin yayılmasından sonra cəmiyyətdə uzun müddət psixoloji gərginliyin hökm sürdüyünü deyirlər. Psixoloq Elmir Əkbər açıqlamasında bildirib ki, bu tip fikirlər ötən illərdə də olub. Əvvəllər belə fikirlər çox təsir etməsə də, indi yaranmış çaxnaşmanın əsas səbəbi insanların inamsızlığıdır. Elə bu səbəbdən də bu yönlü fikirlər inamsız insanlar arasında tez panika yaradır.

“Mənə psixoloji yardım üçün müraciət edənlərin çoxu “21 dekabr” xəbərindən panikaya düşənlərdir. Müraciət edənlər ən çox gənclərdir. Çoxu da hansısa işinə görə getmək istəyir, lakin ailəsini, valideynlərini həmin ərəfədə qoyub getmək istəmir. Mən həmin insanlar arasında psixoanalizlər aparıram”, - deyə Elmir Əkbər bildirib.

Elm xadimləri də “21 dekabr” xofunun əsassız olduğunu deyirlər. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov mətbuata açıqlamasında bildirmişdi ki, belə söhbətlərin elmlə bağlılığı yoxdur. Onun sözlərinə görə, yer o halda qaranlığa qərq ola bilər ki, o hansısa böyük cisimlə toqquşsun: “Əgər Yerə tərəf hansısa böyük cisim irəliləyirsə, bir neçə il əvvəldən onun trayektoriyası dəqiq hesablanır, onun Yerin trayektoriyası ilə kəsişmə ehtimalı qiymətləndirilir. Lakin hazırda Yerə tərəf hərəkət edən elə bir cisim yoxdur”.

Dini baxımdan da yayılmış fikirlərin heç bir əsası yoxdur. İlahiyyatçı alim hacı Şahin Həsənli “21 dekabr” məsələsinin və dünyanın sonu barədə deyilənlərin cəfəngiyyat olduğunu bildirib. İlahiyyatçı deyir ki, təşvişə heç bir ehtiyac yoxdur. Bu fikirlər insanlar haqqında çaşqınlıq yaratmağa hesablanaraq yayılıb: ""Qurani-Kərim"də dünyanın sonu haqqında heç bir məlumat verilmir. "Səndən qiyamət günü haqqında soruşsalar, de ki, bu yalnız Allaha məlumdur". Hətta peyğəmbərimiz qiyamətin vaxtı barədə məlumatsız olub".

Нет комментариев

Добавить комментарий